Azərbaycan Premyer Liqasının 10-cu turunun mərkəzi qarşılaşması Tovuzda baş tutacaq.
Son çempion “Sabah” bölgə təmsilçisi “Turan Tovuz”un qonağı olacaq.
Komandaların son nəticələrinə nəzər salsaq, “bayquşlar”ın qələbəyə daha yaxın olduğunu düşünmək olar. Lakin bu qarşılaşmada diqqətdən kənarda qalmamalı bir neçə həssas məqam var.
Əvvəla, “Turan Tovuz” doğma azarkeşlərinin önündə meydana çıxacaq. Razılaşaq ki, istənilən ev sahibi komanda öz meydanında daha xoş təsir bağışlayır. Burada meydan amili və azarkeş dəstəyi xüsusi rol oynayır. “Sabah” isə bu dəfə rəqib fanatların qarşısında mübarizə aparmalı olacaq.
Digər vacib məqam “Turan Tovuz”un son iki oyunda qələbə qazana bilməməsidir. Bu amil komandanın 3 xal istəyini daha da artırır. Artıq həm futbolçular, həm klub rəhbərliyi, həm də tovuzlu azarkeşlər qələbə üçün darıxıblar.
8-ci turda Yevlaxda “İmişli”yə məğlubiyyət, ardınca Bakıda azlıqda qalan “Neftçi” üzərində qələbənin əldə olunmaması komandada müəyyən gərginlik yaradıb. Belə vəziyyətdə doğma meydanda qazanılacaq mümkün qələbə həm komandanın əhval-ruhiyyəsini yüksəldə, həm də azarkeşlərin ümidlərini doğrulda bilər.
Daha bir həssas məqam “Turan Tovuz”un Premyer Liqanın son 3 qarşılaşmasının hamısında “Sabah”a uduzmasıdır. Bu faktın özü də bölgə təmsilçisini qıcıqlandırmaya bilməz.
“Sabah”ın sıx qrafikdə çıxış etməsi də diqqətdən qaçmamalıdır. Valdas Dambrauskasın yetirmələri Çempionlar Liqasında və daxili yarışlarda 4-5 gündən bir meydana çıxmağa məcburdur. Üstəlik, bu dəfə bölgəyə səfər edəcəklər.
“Sabah”ın vacib matçlarda “Neftçi” və “Qarabağ” üzərində qələbə qazana bilməməsi də müəyyən suallar doğurub. Bununla belə, futbolçuların fərdi keyfiyyəti, beynəlxalq təcrübə və növbəti çempionluq hədəfi son çempionu bu görüşün favoriti hesab etməyə əsas verir.
Ümumi mənzərəyə baxanda bir məqam aydın görünür. “Turan Tovuz” qələbəni daha çox istəməlidir. Son oyunların nəticələri, doğma azarkeşlərin dəstəyi və uğursuz seriyaya son qoymaq arzusu meydan sahiblərini əlavə motivasiya ilə meydana çıxaracaq.
“Sabah”a mümkün məğlubiyyət qərbliləri turnir cədvəlinin 5-6-cı, hətta 7-ci pilləsinə yuvarlaya bilər. Bunun üçün “Zirə”, “Kəpəz” və “Şamaxı” qələbə qazanmalıdır.
Maraqlıdır, “Sabah”ın “dişli” hücum xətti “Turan Tovuz”un “dəmir” müdafiəsini yırta biləcəkmi? Yoxsa bölgə təmsilçisinin praqmativ futbolu son çempionunun baxımlı oyununu üstələyəcək?
Hər bir halda, bölgədə keçiriləcək mərkəzi qarşılaşma gərgin mübarizə vəd edir.
Oktyabrın 30-da Tovuz şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.
HƏBİB / SPORTINFO/AZ
