Kurban Berdiyev nə qədər istəyir, nə qədər gücü çatır, nə qədər həvəsi olacaq, axır günədək «Turan»da qalacaq,
Tovuzdan o yana bir addım atmayacaq.
İxtiyar özündədir. Burada ona həmin sözü - «bəlkə gedəsən?» deyən olmayacaq.
Gözləməyin, qətiyyən! Berdiyevdən ötrü rəqiblər birdir. Odur ki, «bir nömrə» ilə oynatmır komandasını. Gedənədək bu tərzinə sadiq qalacaq.
Berdiyevin üslubunu bilməyən yoxdur ta bu ölkədə. Yuri Vernidub isə lap əvvəldən bələddir rusiyalı həmkarına.
Belədə «Turan»ın «Neftçi» ilə səfər oyununu iki hissəyə bölməliyik. İqor Ribeyronun qırmızı vərəqə aldığı ilk yarı, bir də son 30-35 dəqiqə.
Əgər braziliyalı müldafiəçi İbrahima Vadjiyə qarşı o yersiz kobudluğu etməsəydi, «Turan» Bakıdan məğlubiyyətlə qayıdacaqdı.
Qonaqlar yalnız ev sahibləri əldən düşəndən sonra böyük qüvvə ilə irəli atıldı, Aleksa Yankoviçlə bərabərlik qolunu vurdu.
Ümumiyyətlə, standart vəziyyətlər olmasa, «Turan»ın fərqlənmək şansı azdır. Xorvatiyalı yarımmüdafiəçi sentyabrda «Sumqayıt»dan gələndən bəri nisbətən «Turan»ın oyununa rəng qatıb.
Balkanlı legioner Berdiyevin şablonundan müəyyən qədər kənara çıxır. Qapını gördüsə, ayağındakı topu məsafədən asılı olmayaraq o istiqamətdə vurmağa çəkinmir.
Əvvəl Rəhim Sadıxov belə edirdi.
ELXAN
