"İmişli"dən gələn sillə - "Turan Tovuz" belə hara gedir?

20 Oktyabr 23:40 Turan 120
"İmişli"dən gələn sillə - "Turan Tovuz" belə hara gedir?

"Turan Tovuz" ötən mövsüm bürünc medal qazanaraq Konfrans Liqasında iştirak hüququ əldə etmişdi.

Amma Avrokuboklarda meydana çıxmağa sayılı günlər qalmış məlum oldu ki, bölgə klubu Avropada iştirak edə bilməyəcək.

Məlum hadisələr üzündən Qərb təmsilçisini ölkə hüdudlarından kənarda “Zirə” təmsil etməli oldu.

UEFA-nın bu qərarına hamımız üzüldük. Çünki Kurban Berdiyevin komandası həqiqətən də alın təri, əl əməyi və böyük zəhmət hesabına bu uğura imza atmışdı.

30 ildən sonra Avrokuboklarda iştirak hüququ qazanıb bundan yararlana bilməmək çox ağır idi. Bu qərar hamımıza təsir etmişdi.

Amma yeni mövsümün geridə qalan 7 turu tamamilə fərqli reallıq ortaya qoydu.

Yeni transferlərə, artırılan büdcəyə və yaradılan əla şəraitə rəğmən, “Turan Tovuz” nə yaxşı futbol oynayır, nə də uğurlu nəticələr qazanır.

Gah ümid verir, gah da həmin cücərtiləri alt-üst edir.

İlk altı turda itirilən xallarda hakim səhvlərinin də böyük rolu olmuşdu.

Ancaq “İmişli”yə məğlubiyyət acı həqiqəti gözlər önünə sərdi.

“Turan Tovuz” yaxşı vəziyyətdə deyil.

Yaxşı futbol oynamır.

Rəqibinin iddialı və ya autsayder olmasından asılı olmayaraq, əsasən standart vəziyyətlərə bel bağlayır.

Bununla isə çox uzağa getmək mümkün deyil.

“İmişli” ilə oyunda o qədər bərbad “Turan Tovuz” gördük ki...

Hətta klubun sosial şəbəkə hesabına tovuzlu azarkeşin yazdığı şərh diqqətimi çəkdi: “Yaxşı ki, Avrokuboklarda çıxış etməmişik”.

Acı da olsa, həqiqətdir.

Bu gün büdcə baxımından aralarında uçurum olan “İmişli”, “Şamaxı” və “Araz-Naxçıvan” kimi komandalarla bacarmayan “Turan Tovuz” Avrokuboklarda nə ilə yadda qala bilərdi ki?

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi