Kurban Berdiyev üçüncü ilini keçirir Azərbaycanda. «Turan Tovuz» bu üç il ərzində ən yaxşı oyununu dünən keçirdi desmə, yəqin ki, mütləq əksəriyyət mənimlə razılaşar.
Cansıxıcı və praqmatik futbolu ilə daim tənqidlərə açıq qapı saxlayan Berdiyevin işini, nə gizlədim, ilk dəfə bəyəndim.
Bu, «Baba»nın ən yaxşı «Turan» idi.
70-70 dəqiqə möhtəşəm mübarizə sərgilədilər. «Sabah»ı hər cəhətdən üstələdilər. İstər oyun nizam-intizamı, istər qələbə əzmi, istər taktiki, istərsə də qol epizodlarının sayı sarıdan.
Üç qol vurub dayanmasaydılar, ardı gələcəkdi. Son 15-20 dəqiqəni bir qədər arxayın keçirdilər deyə, «Sabah» özündə güc tapıb, qollardan ikisinin əvəzini çıxdılar.
O 70-75 dəqiqədəki «Turan» çempionluq yarışmasının düz ortasında yer ala bilər. Bu potensialı və gücü onlarda görüm.
Bilirsiz, nəyə təəssüflənirəm? «Turan»ın belə hücum futbolu sərgiləmək bacarığı var ikən, Berdiyev ondan istifadə etməyib, komandanın potensialını açmayıb.
Sözsüz, «Turan» əvvəlki oyunları da bu səviyyədə və bu tərzdə keçirsəydi, turnir cədvəlinin zirvəsində yer alardılar.
İbrahima Vadjini sağ cinaha çəkib, Jo Batistanı hücumun mərkəzində oynadan Berdiyev, düşünürəm ki, dünənki qarşılaşmadan ibrət alar, «Turan»ı bir daha həmişəki halına qaytarmaz.
Rəhmətliyin oğlu, bunu çoxdan elə də, niyə özünü və futbolçularını tənqid nizəsinin ucuna keçıirirsən axı…
ELNUR
