Ehtiram Quliyev yenə böyük danışdı, bu dəfə “Qarabağ”a söz atdı

12:40 Turan 129
Ehtiram Quliyev yenə böyük danışdı, bu dəfə “Qarabağ”a söz atdı

Sportinfo.az “Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevin müsahibəsini təqdim edir:

– Niyə "Turan Tovuz" bu yay cəmi iki yeni futbolçu transfer etdi?

– Bizim planlarımız var idi. Danışdığımız çox vacib oyunçular oldu. Məlum hadisə ilə əlaqədar planlarda bəzi dəyişikliklər etməli olduq. Uzun müddət apardığımız danışıqlar... Bilirsiniz də, avrokuboklarda iştirak etmək oyunçular üçün əlavə stimul idi. Bizdə alınmadı, ona görə planlarımızda dəyişiklik oldu. Minimum daha iki transfer nəzərdə tuturuq və heyətimizi gücləndirməyə davam edəcəyik.

– "Məlum hadisə" dediniz. Mümkünsə, o barədə bir az geniş danışaq.

– Bu gün keçmiş haqqında danışmayaq. Gəlin gələcəkdən danışaq. Biz bu gün keçmiş haqqında düşünmürük, xoş şeylər haqqında danışmağı planlaşdırırıq. Çünki keçmişə baxsaq, orada çox ilişib qalacağıq. Ancaq qabağa, ancaq irəli. Bu tədbirin bir mahiyyəti də ondan ibarətdir ki, biz həvəsdən düşməmişik. Daha enerjili, yeni qüvvələrlə yarışın içində olacağıq. Hamıya elan edirəm: bu ilki hədəfimiz çempionluqdur. Ən azından mövsümün sonuna qədər çempionluq yarışının içində olmaqdır. Mən hesab edirəm ki, keçən ildən daha güclü, daha dinamik, daha keyfiyyətli "Turan" görəcəyik.

– "Qarabağ"la bacara biləcəksiniz?

– Bacara bilməyəcəyimizi düşünsəydik, bu gün burada olmazdıq.

– Dünən Aziz Yıldırımla görüşdünüz. İstərdik bununla bağlı danışasınız.

– Çox əlamətdar və məhsuldar görüş oldu. "Fənərbaxça" klubu bizim təklifimizi, dəvətimizi qəbul edib. Artıq idarə heyəti Azərbaycanda oyunun keçirilməsi ilə bağlı qərar qəbul edib. Sadəcə, biz çox istəyirik ki, oyun Tovuzda olsun. Amma həm bizə gələn çoxsaylı azarkeş tələbləri, həm də "Fənərbaxça" azarkeşlərinin müraciətləri var. Stadionumuz çox balacadır, tutumunu hələ artıra bilməmişik. Ona görə müzakirələrimiz oldu ki, görüş yerinin Bakıya dəyişdirilməsi mümkün olar, ya olmaz. Bunları müzakirə etdik. Yaxın günlərdə bununla bağlı yekun qərar verəcəyik.

– Ortaq məxrəcə gəldiniz?

– Ortaq məxrəcə gəlmişik. Oyun sentyabrın 20-si ilə oktyabrın 10-u arasında olacaq. Çox istəyirik ki, şəhidlərimizin anım gününə həsr edək. Oradan əldə ediləcək vəsaiti də xeyriyyə məqsədilə fondlara köçürməyi planlaşdırırıq.

– Oyun Bakıda Olimpiya Stadionunda olacaq?

– Hazır deyil Bakı Olimpiya Stadionu.

– "Fənərbaxça" ilə əməkdaşlıq yalnız bir yoxlama oyunu ilə kifayətlənəcək, yoxsa akademiyalar və başqa sahələri də əhatə edəcək?

– Xeyr, xeyr. Oyunçu mübadiləsi haqqında da görüşlərimiz olub. Akademiyanın inkişafı, "Fenerium" mağazalar şəbəkəsinin təcrübəsindən faydalanmaq, bərabər addımlar atmaq, "Turan Fenerium" layihəsi ilə həmin təcrübədən yararlanmaq... Tək bir yoxlama oyunu ilə kifayətlənməyəcəyik. Bilirsiniz ki, "Fənərbaxça" bizim üçün çox əlamətdardır. Azərbaycanın beynəlxalq arenada ilk təmsilçisi olan "Turan" məhz ilk oyununu da "Fənərbaxça"ya qarşı keçirib. Ona görə bunun bizim üçün mənəvi dəyəri çox böyükdür. Yeni sponsor şirkətimizin də bu görüşlərin təşkilində böyük əməyi olub.

– Azərbaycan futboluna gələn sponsorların adətən ən böyük problemi odur ki, əsas söz sahibi olmaq istəyirlər. Bu yöndə danışıqlar ağır keçmədi ki?

– Yox, elə bir iddiaları olmadı.

– Futbol klublarımızda 5 milyon dollar, 15 milyon dollar həcmində sponsorluqlardan söhbət gedir. Bu 2 milyon dolların açıqlanması xoş oldu. Və istiqamətiniz üzrə...

– İstiqamət paralel şəkildə davam edəcək.

– Məsələn, akademiyaya daha çox vəsait nəzərdə tutulub?

– İstiqamət paralel şəkildə davam edəcək. Akademiyaya çəkdiyimiz xərclər, hesab edirəm ki, Azərbaycanda ilk iki yeri bölüşür. Həddindən artıq yüksək xərclərimiz var. Dövlət proqramında nəzərdə tutulan məbləğdən 4-5 dəfə artıq vəsait xərcləyirik. Orada bir az nəzarəti gücləndirib, hansı işləri daha faydalı görə bilərik, hansı təcrübələrdən yararlana bilərik, bunları müzakirə edəcəyik. 500-dən çox tovuzlu və bölgə gənci bizdə məşq edir. Birlikdə analiz edəcəyik. Bəlkə say həddindən artıq çoxdur, bir az məhdudlaşdırıb keyfiyyətə daha çox üstünlük vermək lazımdır. Biz futbolun populyarlaşması üçün böyük saylara üstünlük verdik. Bu gün məqsədimiz təkcə oyunçu yetişdirib satmaq deyil. Bölgədə futbol daha da populyar olsun. Çünki 500 uşağın gəlməsi onların ailə üzvlərinin, gələcəkdə özlərinin və övladlarının "Turan" azarkeşi olması deməkdir. Biz gələcəyə yönəlik düşünürük. Amma indi beynəlxalq təcrübədən faydalanmağın vaxtının gəldiyini düşünürük.

Digər Xəbərlər
Xəbər Lenti