«Şəfa» rəhbərliyi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edib.
«Baku Arena»nı Gənclər və İdman Nazirliyindən 10 il müddətinə icarəyə götürən klub buranın köhnə adını özünə qaytarmağı planlaşdırır.
Müraciətin arxasında da bu dayanır - əgər dövlət qurumu razılıq versə, adıçəkilən məkan dekabrdan etibarən «Şəfa Arena» adlanacaq. Hər halda qarşı tərəf 21 rəsmi iş günü ərzində paytaxt təmsilçisinin istəyinə cavab verəcək.
İlk adı “Şəfa” olan bu stadionun 8125 nəfər tamaşaçı tutumu var. Daha öncə “Termist” adlanan arena 2000-ci ildə AFFA tərəfindən qurulub.
Bu iş assosiasiyaya 4,5 milyon manata başa gəlib. Bir müddət “Olimpik”in də evinə çevrilən arena 2014-cü ildə “İnter”ə 4 milyon 250 min manata satılmış, “İnter Arena”ya çevrilmişdi.
2018-ci ilin 20 iyulundan isə idman qurğusu Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansına keçib. “İnter”in borclarına görə sahibi dəyişdirilən stadion həmin vaxtdan əsl böyük futbola həsrət qalmışdı.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27.12.2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyəti ləğv edilib və onun mülkiyyətində olan müəssisələr Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib.
Bu səbəbdən əvvəllər Azərbaycan Sənaye Korporasiyasının (ASK) adını daşıyan arena da AİH-nın balansına keçib və adı dəyişdirilib. Bu ilin əvvəlindən idman qurğusu “Baku Arena”ya çevrilib.
Gənclər və İdman Nazirliyinin balansına keçən kompleks yaxınlarda “Şəfa“nın istifadəsinə verilib. 22 ildən sonra Premyer Liqaya qayıtmış paytaxt təmsilçisi buranı 10 illik icarəyə götürüb.
SPORTİNFO.AZ
