“Sumqayıt”ın kapitanı Sabuh Abdullazadənin “Neftçi” ilə oyunda qırmızı vərəqə aldıqdan sonra emosional şəkildə qapıya təpik vurması, nəticədə şüşədən xəsarət alması və uzun müddət futboldan kənarda qalacağı barədə yayılan məlumatlar yalnız bir futbolçunun davranışı kimi qiymətləndirilməməlidir.
Bu hadisə daha böyük bir məsələyə diqqət çəkir: gəncləri kapitanlığa necə hazırlayırıq?
Onlar bəzən aqressiyanı, yüksək səslə danışmağı və hakimlə mübahisə etməyi liderlik kimi qəbul edirlər. Halbuki aqressiya liderlik deyil, emosiyaları idarə edə bilmək liderliyin əsas göstəricilərindən biridir.
Avropada da buna bənzər hallar olub. Hətta yüksək səviyyəli futbolçuların əsəbdən qapıya və ya divara zərbə vuraraq özlərini zədələdikləri nümunələr mövcuddur.
Deməli, bu, yalnız Azərbaycan futboluna xas problem deyil. Məsələ emosional özünənəzarət və düzgün hazırlıqdır.
Kapitan yalnız yaxşı oynayan və ya ən çox danışan futbolçu olmamalıdır. O, çətin anda komandanın emosional balansını qoruyan oyunçudur.
Gənc kapitanlara əvvəlcədən müxtəlif situasiyalar öyrədilməlidir: Hakimlə mübahisəli qərar, qırmızı vərəqə, komanda yoldaşının kobud səhvi, son dəqiqələrdə buraxılan qol, ağır məğlubiyyət, məşqçinin əvəzləmə qərarı.
Futbolçu bu vəziyyətlərdə nə etməli olduğunu olduğu qədər, nə etməməli olduğunu da bilməlidir.
[Bunun üçün akademiyalarda ayrıca-MHSAA Captain’s Leadership Training Program (CLTP) kapitanlığın inkişaf proqramı yaratmaq mümkündür.
Burada emosional nəzarət, kommunikasiya, konfliktlərin idarə olunması, təzyiq altında qərarvermə, məsuliyyət və komanda daxilində liderlik kimi mövzular işlənə bilər.
Ən vacib məqam isə budur: kapitanlıq bir gün ərzində verilən status deyil, illərlə inkişaf etdirilən bacarıqdır.
Kapitan ən çox qışqıran, hakimlə ən çox mübahisə edən və ya aqressiv davranan futbolçu deyil.
Kapitan-başqaları emosional nəzarəti itirdiyi anda özünü idarə edə bilən futbolçudur.
Ona görə də əsas sual budur: Biz gənc futbolçulara sadəcə kapitan sarğısı veririk, yoxsa onları həqiqətən kapitan olmağa hazırlayırıq?
SPORTİNFO.AZ
