Bölgə klubunda birinci liqanın havası, çempionluq şarkısı bitməsə...

27 May 2024 23:40 Şamaxı 705
Bölgə klubunda birinci liqanın havası, çempionluq şarkısı bitməsə...

"Şamaxı" bir illik fasilədən sonra Premyer Liqaya vəsiqə qazandı.

Gözləntilərin əksinə olaraq, komanda böyük çətinliklə bu missiyanın öhdəsindən gəlməyi bacardı.

Ramiz Məmmədovun yetirmələri sona bir tur qalmış lider "Qaradağ Lökbatan"ı, son turda isə "Araz Saatlı"nı məğlub edərək arzusuna çata bildi.

Qısası, bölgə klubu son dəqiqəyə kimi stres yaşadı, çempion olmaq üçün mübarizə aparmaq məcburiyyətində qaldı.

Bu məqam özlüyündə böyük faktdır ki, hazırkı komanda hətta Birinci Liqa səviyyəsi üçün yetərli deyil.

Güclənmək yox, köklü şəkildə heyəti söküb-yığmaq vacibdir.

Amma deyəsən, klub başbilənləri hələ də aşağı liqanın havasından, çempionluq şarkılarından ayılmayıb.

Klubun idman direktoru Kamran İsmayılovun açıqlaması belə düşünməyə əsas verir.

Sitat: "Bir nüansı sizə dəqiq deyim ki, biz "Kəpəz", "Turan Tovuz" və "Araz-Naxçıvan" kimi komandanı dağıdıb yenidən qurmayacağıq. Belə təcrübəni təkrarlamaqda maraqlı deyilik. Odur ki, heyət tam dəyişməyəcək, komandamızın onurğa sütunu hesab olunan futbolçuların əksəriyyəti komanda da qalacaq".

Hörmətli Kamran bəyin onurğa sütunu deyəndə kimləri nəzərdə tutduğunu bilmirəm.

Lakin realist olsaq, bu gün region klubu ilə çempion olan heyətdə heç bir əlin sayı qədər Premyer Liqaya yarayan futbolçu yoxdur.

Heç kim ağlını ötən ilə verməsin. Cavid Hüseynovun xidməti, Adil Nağıyev, Elvin Məmmədov, Amil Yunanov, Rəşad Əzizli kimi təcrübəli adlar və müəyyən qədər elita təcrübəsi olan Cəlal Hüseynov, Rəhman Daşdəmirov kimi parlaq gənclərin hesabına mübarizə son tura kimi davam etmişdi.

Yerli futbolçularla yola davam etmək alqışalayiqdir. Amma hazırkı yerlilərdən ibarət onurğa sütunu ilə yola davam etmək ağılsızlıqdan başqa bir şey deyildir. Bu halda "Şamaxı"nın növbəti dəfə liqanı tərk etmək məsələsi nəinki son turda, hətta qış kimi həllini tapmış olar.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti