Premyer Liqaya dönüş xəyal idi, reallığa çevirdi

18 May 2024 11:40 Şamaxı 2 243
Premyer Liqaya dönüş xəyal idi, reallığa çevirdi

«Şamaxı»nın birillik fasilədən sonra Premyer Liqaya qayıdışına çox yox, cəmi 1 addım qaldı.

Sonuncu turda «Araz Saatlı»nı evdə udsalar, I Liqanın çempionu kimi onlara tanış səhnəyə dönəcəklər.

Uğurun memarı, təbii ki, Ramiz Məmmədovdur. Klub rəhbərliyi vaxtında duyuq düşdü, dəyişikliyə getdi.

Vüqar Əsgərli ilə yolları ayırmasaydılar, «Şamaxı» hazırda turnir cədvəlinin orta pillərindən birində idi.

Vüqar üçün nəinki Premyer Liqada, Birinci Liqanın özündə çalışmaq hələ tezdir.

Nə yatıb ki, nə də yuxu görə? Nə olsun ki, illərlə qadın futbolunda külüng vurub, kimə lazımdır belə eksperment?

Məşqçidə gərək xarizma, sərtlik olsun. Yeri gələndə yumruğunu stola çırpa, kollektivi öz ətrafında birləşdirə bilsin.

Vüqar Əsgərlidə bunların heç biri yoxdur, onu qoyasan elə mətbuat konfransında ütülü suallara «pişim-pişim» cavablar versin, başqa heç nə.

Ümumyyətlə, bugünkü gənc məşqçlərin əksəriyyəti Əsgərli tipindədir. Bir-iki kitab oxuyublar, elə bilirlər ki, dünyada bunlardan ağıllısı yoxdur.

Halbuki qapağı qaldırırsan, görürsən, paho, içi boş qazanmış ki…

Ramiz Məmmədov hirsi, əzmi və inadcıllığı, üstəlik, təcrübəsi ilə batmaq üzrə olan gəmini xilas elədi.

«Şamaxı» bu müddətdə sabit oyun sərgilədi, nəticə baxımından bəzən səndirləsə də, müvazinətini itirmədi, liderlər qrupundan qopmadı, mübarizə meydanının düz mərkəzinə kimi irəlilədi.

Bu, futbolçuların həm çəkindiyi, həm də hörmət bəslədiyi baş məşqçinin əməyinə və duruşuna verdiyi qarşılıqdır.

O, tədbirlidir. İnanmıram ki, Ramiz Məmmədov belə bir fürsəti əldən qaçırar. «Araz Saatlı» üzərində qələbəylə Premyer Liqaya dönüşü ilk növbədə onun üçün yeni çağırışdır.

Bu, Məmmədovun özünün böyük futbol ailəsinə qayıdışı da demək olacaq. İdman direktoru, vitse-prezident və İdarə Heyətinin üzvü olaraq illərini boşa verib, sevimli peşəsindən uzaq düşüb.

Məşqçilik başqadır da, elə bil, Ramiz Məmmədovun öz boyuna biçilib, bahalı kostyum kimi əyninə qutu kimi oturur.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti