«Keşlə» əl dəyişiminə gedir.
Çox az qalıb, artıq martda Şamaxıda köç başlayacaq.
Böyük ehtimalla, klubun rəhbərliyinə yeni isimlər gələcək. Onlar hələ bura ayaq basmasa da, yaxındadırlar, nəfəsləri hiss olunur.
İndikilər təhvil-təslimin yaxın vaxtlarda baş verəcəyini bilirlər. Ona görə də qış fasiləsində xərc çəkmədilər, komandanı gücləndirmədilər.
Biri o birinə dəyməyən iki legioner aldılar, bir də Fəhmin Muradbəylini «Neftçi»dən icarəyə götürdülər.
Region Liqasında çıxış edən «Xan Lənkəran» belə Antalyaya getdi, «Keşlə» Bakıdan kənara da çıxmadı. Təlim-məşq toplanış keçməyə yer tapmayan komanda niyə Premyer Liqada oynasın ki?
Çox vaxt Sənan Qurbanovu qınayırıq ki, nə düşüb ortalığa, istefa verməlidir, vermir. Əslində, «Keşlə» onu idarə edənlərin maraq dairəsindən çıxıb artıq, bu yerdə klub baş məşqçi postunda, türklər demiş, normal birini barındıra bilməz.
Komanda kubokun ¼ final mərhələsinin cavab görüşünə çıxacaq. Nə olsun ki, rəqib «Qarabağ»dır, möcüzə qapısı yenə açıqdır.
Futboldur da, hər şey mümkündür. Sənan Qurbanov kubok məşqçisi kimi tanınır, adətən, bu turnirdə bəxti gətirir.
Zarafat deyil, qeyri-adi iş görməyə-görməyə iki dəfə kuboku başı üzərinə qaldırıb.
Belə vacib oyun öncəsi gəlib deməzlər ki, ötənilki kuboku qazanmaq münasibətilə vəd olunan 200 min manatdan gözünüzü çəkin, verilməyəcək.
Bu sözü eşidən futbolçunun motivasiyası pozular da, «Qarabağ»dan 6 qol da buraxar, 16 qol da.
Göründüyü kimi, qeyri-peşəkar üsul-idarəçilikdir «Keşlə»nin bəlası. Sənan Qurbanov bu «zəncir»in, sadəcə, bir halqasıdır. Yaxşı tapışıblar.
KAMİL

