“Qarabağ”la oyuna hazırlığımız davam edir. Bu güc son məşqimizə çıxacağıq”.
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la baş tutacaq görüş haqda fikirlərini Sportinfo.az-a açıqlamasında dilə gətirib.
41 yaşlı mütəxəssis komandasında ciddi itkilərin olduğunu bildirsə də, meydana çıxacaq futbolçuların bacarığına güvəndiyini bildirib:
“Heyətdə ciddi itkilərimiz var. Meydanda bəzi aparıcı futbolçularımızın xidmətindən yararlana bilməyəcəyik. Lakin öz gücümüzə inanırıq.
Düzdür, toplanışdan dərhal sonra ideal formada olmaq çətindir. Təbii, müəyyən çatışmazlıqlar gözə dəyə bilər. Amma yenə də nəyimiz varsa, meydanda ortaya qoymağa çalışacağıq”.
Qurbanov “Keşlə”nin mərhələ adlamaq istəyini gizlətməyib:
“Əlbəttə, “Qarabağ” kimi güclü rəqiblə, oturuşmuş komandayla oynamaq çətindir. Heç bir halda səhv etməməliyik, istər müdafiədə olsun, istər hücumda. Rəqibin heyətindəki futbolçular səhvi bağışlamır.
İlk oyun rəqib meydanındadır. Çalışıb sərfəli nəticə qazanmalıyıq ki, cavab görüşündə mərhələni adlamaq şansımız çoxalsın”.
“Qarabağ” – “Keşlə” qarşılaşması fevralın 1-i, saat 17.30-da başlayacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
HƏBİB

