Mövsümün əvvəlində “Keşlə“nin aşağı yaş komandalarının üzləşdiyi şəraitsizlik barədə məlumat vermişdik.
Bildirmişdik ki, bununla bağlı redaksiyamıza kifayət qədər şikayət daxil olub.
Hətta valideynlərin başda bizim sayt olmaqla, müxtəlif sosial şəbəkələrdə müraciətləri az qala gündəmi zəbt etmişdi.
Hadisələrin təhlükəli məcraya istiqamət aldığını görən AFFA məsələyə qarışdı, sonra klub “baş idarə“yə tərəflərindən süni yaradılmış problemin həllinə söz vermişdi.
Çıxış yolu kimi UGFM-nin müxtəlif yaş komandalarının gənc futbolçularına məhdud sayda və çeşiddə keyfiyyətsiz,
Sumqayıtda tikilmiş sex məhsulu olan geyim dəstlərini paylayaraq, valideynlərin künlünü almaqla, maaşlarının az qala yarısını kəsrə saldığı məşqçi heyətinin puluna 100-150 manat əlavə etməklə, həmçinin yeni ildən əməkhaqlarının bərpa ediləcəyinə söz verməklə, həm onları, həm də AFFA rəsmilərini razı sala bilmişdi.
Prosesə bir az da aydınlıq gətirək. Söhbət “Keşlə”nin ixtiyarında olan gənc nəsil futbolçuların yetişməsi üçün həm dövlət, həm də UEFA tərəfindən xüsusi olaraq ayrılan vəsaiti təyinatı üzrə deyil, digər istiqamətlər üzrə xərcləməklə, məşqçi korpusunun haqlarını pozmasından gedir.
Artıq fevral ayı olmasına rəğmən, rəhbərliyin söz verdiyi problemin həllində heç bir əməli işlər görsənmir. Sanki belə bir problem olmamış kimi.
Bu məsələni daim gündəmdə saxlayırıq və saxlayacayıq da. Ən azından redaksiyamıza göndərilən şikayət mesajları bizdən bu işdə haqqı pozulan mütəxəssislərin yanında olmağımızı tələb edir.
Heç kimin haqqını xərcləmək fikrimiz yoxdur.
Bəlkə də bu mütəxəssislər bir yerdə toplam digər eynihüquqlu klublarda çalışan bir əcnəbi məşqçiyə ödənilən vəsait qədər maddiyata malik deyillər.
Bu, nə dərəcədə doğrudur?
Azərbaycan futbolunda bu cür iflasa uğramış kifayət qədər layihələr var və onlar fakt kimi tarixə yazılıb.
Nədir, bu azərbaycanlı mütəxəssislərin günahı: 44 günlük Vətən müharibəsində mətinlik gostərən Azərbaycan gəncinin, onun sağlam, cəngavər vətəndaş ruhunda yetişməsində olan xüsusi rolumu, zəhmətimi?
Yəqin damarında əsl azrbaycanblı qanı axan cavabdeh şəxslər gənc nəslin inkişafına xidmət edən mütəxəssislərin haqlarının pozulmasına biganə qalmazlar.
Hər halda buna ümid edirik.
SPORTİNFO.AZ

