"Keşlə" Bakıdakı hazırlığına yanvarın əvvəlindən start verib.
Komandadan ayrılan futbolçuların adları da hazırlığın ilk günlərində məlum oldu.
Amma mərkəz müdafiəçisi Miyuşko Boyoviç xaric. O, yanvar ayının son günlərinə kimi komandada idi.
Məhz bu ayın 24-ü monteneqrolu ilə yolların ayrılması ictimaiyyətə açıqlandı.
Görəsən, bu qədər gözləməyə nə əsas vardı? Olmaya futbolçu ilə məşqçi arasında hər hansı insident sonda ayrılığa səbəb olub.
Paytaxt klubunun çalışdırıcısı Sənan Qurbanov Sportinfo.az-a açıqlamasında qaranlıq görünən məsələyə belə aydınlıq gətirdi:
"Açığı, sağalmasını çox gözlədik. Ancaq alınmadısa, nə etmək olar? Futbolda kimsə yerində əbədi deyil. Sabah mən də, digərləri də burdan ayrıla bilər".
Qurbanov əcnəbi müdafiəçi ilə arasında hər hansı qalmaqal yaşanmadığını və xoş əhval-ruhiyyədə ayrıldıqlarını sözlərinə əlavə edib:
"Aramızda hər hansı qalmaqal yaşanmayıb. Çox yaxşı formada həm mənimlə, həm də komanda ilə sağollaşdı.
Bu futboldur, yollarımızın ayrılması da normaldı. O da bunu normal qarşıladı. Özü şəxsən otağıma gəldi. Çox yaxşı söhbətimiz oldu.
Söhbətimizdə özü də bildirdi ki, peşəkar futbolda olan şeylərdir. Bir yerdə ölkə kuboku qazandıq, amma zədələrim oynamağıma imkan vermədi.
Zədəsinin ona mane olduğunu özü də açıq etiraf etdi. Belə durum istənilən futbolçunun başına gələ bilər. Ona gələcək karyerasında uğurlar arzu edirəm".
XANOĞLAN İMANOV

