Hansı Füzulini deyirsən? O, niyə məşqçi olur ki…

20 Sentyabr 2020 16:00 Səbail 2 251
Hansı Füzulini deyirsən? O, niyə məşqçi olur ki…

«Neftçi» Premyer Liqada «Sumqayıt»a uduzur, Füzuli Məmmədov güclü basqılara məruz qalır.

«Neftçi» Avropa Liqasında «Qalatasaray»a uduzur, Füzuli Məmmədov yenə «qum çuvalı» kimi oradan-bura çırpılır, buradan-ora.

Bir fərq yoxmu ortada yəni?

Var əslində. Amma ki… Mən Füzuli Məmmədovun bütün bu tənqid və təzyiqlərdən bir qədər kənar tutulmasının tərəfdarıyam.

Fikrimcə, «Neftçi»ni dibdən-dibə vuranlar bu bəstəboy, lakin çiyinli adamın kürəyi arxasında gizləniblər. Füzuli bəyin yeganə günahı belə böyük klubun baş məşqçisi olmağa razılıq verməsidir.

O, vaxtı gələndə «qalxan» kimi istifadə ediləcəyini biliməli, bugünləri gözünün önünə gətirməli idi. Beş-on manat artıq maaş almaq, «Neftçi»ni çalışdırmış biri kimi tarixdə qalmaq üçün bacarmayacağı işin qulpundan yapışıb və buyurun, sağdan-soldan «sopa yeyir».

Biri yox, ikisi yox, yüzü iddia etsə ki, Füzuli Məmmədov əliəyridir, futbolçuların transferindən pul tutur, cibinə qoyur, inanmaram. İki dünya birləşsə, üstümə gəlsə, yenə inanmaram.

Onda bu tamahkarlıq simasını nə görmüşəm, nə də sezmişəm. Adını çəkdiyim şəxs bu «sifətlər»dən uzaqdır. Düz həmişə düzdür. Düzü kəsmək olar, əymək olmaz.

Füzuli Məmmədovun bir «düz»ü yüz səhvinin önündə gəlmir artıq. O, gərək «Sumqayıt»la oyundan sonra istefa verərdi, «Qalatasaray»a qalmazdı. Qoy, komandanı Kamran Quliyevlə Ceyhun Sultanov meydana çıxarardı.

«Neftçi»nin bazasının yerini tanımayanlar, o həndəvərdən keçməyənlərin də məlumudur ki, burada qazan qaynadanlar və iş çevirənlər onlardır.

Mamadu Mbodjun «Qalatasaray»a qol vurması «Sumqayıt»la oyunda əvəzlənməsinə etiraz olaraq baş məşqçiyə etdliyi börmətsizliyin üstünü örtmür, bağışlanmasına yetərsizdir.

On belə qol da seneqallı legionerin cəzadan qurtulmasını səbəb göstərilə bilməz. Hətta qoldan sonra Füzuli Məmmədovu qucaqlaması da heç nəyi dəyişmir. Buna görə: Mbodj «Sumqayıt»la oyunda «Neftçi»nin futbolçusu adına xələl gətirən hərəkət edib, kolleqalarına pis nümunə olub.

«Qalatasaray»a vurduğu qol, ardınca Füzuli Məmmədovu bağrına basması bir neçə gün danışıla bilər, amma o hərəkəti həmişə yaddaşlarda qalacaq, dillərdə dolaşacaq.

Futbolçusu qarşısında sınan baş məşqçi obrazını oynamağa, bu rola üstlənməyə razılıq verməməli idi Füzuli Məmmədov. Məşqçi gələcəyini odun içinə atdı bununla. Bir-iki faiz ehtimal var idisə perspektivinə, onu da məhv elədi.

- Sizə baş məşqçi lazımdır?
- Kimi deyirsən?
- Məsələn, Füzuli Məmmədov.
- Hansı Füzulini deyirsən? Hansısa futbolçunun əlini sıxmadığı, sorğu-suala çəkdiyi adamı deyirsən, hə? O. niyə məşqçi olur ki…

Ondan söz düşüncə, bir klub prezidenti ilə menecerin dialoqu yarımçıq kəsəcək, nöqtə qoyacaq hadisədir Mbodjun elədiyi. Olaya haradan baxarsaq baxaq, dikbaş futbolçu cəzasını almalı, komandadan uzaqlaşdırılmalıydı.

Füzuli Məmmədov özünə görə bunu etmədisə də, «Neftçi»dən ötrü sərt cəza tədbirinə əl atmalıydı yenə. Acizlikmi bu, qorxaqlıqmı bu, nədir bu - qoy, özü müəyyənləşdirsin.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti