"Elə futbolçular var ki, imkanı yaxşıdır, amma..." MÜSAHİB

26 Mart 2020 14:36 Səbail 819
"Elə futbolçular var ki, imkanı yaxşıdır, amma..." MÜSAHİB

"Səbail"in müdafiəçisi Adil Nağıyev Sportinfo.az-a müsahibə verib:

- Koronavirus pandemiyası ilə bağlı yaranmış fasiləni necə keçirirsən?

- Tapşırıqlara əsasən ancaq evdə oluram. İctimai yerlərdən uzaq olmağa çalışıram. Fərdi məşqlərlə məşğul oluram. Formada qalmaq üçün nə bacarırıqsa onu edirik.

- Adil, bəzi insanlar hələ də baş verənlərə qeyri-ciddi yanaşır. Bu barədə sən nə düşünürsən?

- Mən çox ciddi yanaşıram. Bütün dünya bununla mübarizəyə bu qədər ciddi yanaşırsa, deməli, çox çətin vəziyyətdir. Ciddiyə almayanlara da məsləhət görərdim ciddiyə alsınlar. Onların da ailəsi, sevdikləri var. Onları da fikirləşsinlər.

- Baş məşqçilər fərdi məşqlərinizlə bağlı davamlı maraqlanırlarmı?

- Bizim votcap qrupumuz var. Orda bizim məşqçilər heyəti davamlı olaraq proqramlar paylaşır. Biz də buna uyğun çalışırıq. Formamızı saxlamağa çalışırıq ki, fasilədən sonra çətin olmasın. Düzdü, belə formamızı saxlamaq elə də asan olmayacaq. Amma bacardığımızı etməyə çalışırıq.

- "Səbail" 3-cü dövrəni yaxşı keçirirdi. Komanda yalnız son görüşdə məğlub oldu. Məğlubiyyəti və heyətin elə də geniş olmadığın nəzərə alsaq, fasiləni "Səbail" üçün müəyyən mənada uğurlu saymaq olarmı?

- Qış fasiləsinə sonuncu pillədə yollanmışdıq. Yaxşı hazırlıq keçib gəldik. Sonuncu turda qələbə qazansaq hətta 4-cü yerə yüksələ bilərdik. Məşqlər tezliklə bərpa olunsa, çalışıb, yaxşı forma yığıb, fasilədən sonra daha uğurlu çıxış edərik

- Çempionatın bərpası bir qədər də ləngiyə bilər. UEFA-isə iyunun 30-na kimi çempionatların başa çatmasını tövsiyə edib. Belə olarsa, oyunların 3-4 gündən bir keçirilməsi gözlənilir. Səncə, klublarımız buna hazırdımı?

- Bu barədə indi nəsə demək çətindir. Çempionat davam edə-edə belə bir ehtimal olsaydı, bəlkə də oynamaq olardı. Çünki formada olacaqdıq. Amma indi uzun müddət məşqlərsiz və oyunsuz qalıb, sonra 3-4 gündən bir oyuna çıxmaq çətin olar. Yəqin ki, məşqçilər belə şeyləri nəzərə alacaqlar ki, futbolçular buna hazır olsunlar.

- Bəzi avropa klublarında fasilə müddəti davam etdikcə maaşların dondurulmasını və ya müəyyən qədər azaldılmasını qərara alıblar. "Səbail"də belə bir şey olsa, bunu necə qarşılayacaqsınız?

- Elə futbolçular var ki, müəyyən qədər imkanı yaxşıdır. Amma bəzi futbolçular sırf aldıqları maaşla ailələrini dolandırırlar. Bunu nəzərə almaq lazımdır. Ancaq qərar yenə də rəhbərliyə məxsusdur. Yəqin ki, belə şeyləri nəzərə alarlar. Biz nəsə deyə bilmərik.

- Artıq yaydan "Səbail"də maliyyə vəziyyətinin heç də yaxşı olmadığı hamıya məlumdur. Belə davam edərsə, yayda komandanı dəyişmək fikrin varmı?

- İnşallah, tezliklə hələ bu virusdan canımızı qurtaraq.(gülür) Sonra əsas məsələ mövsümü "Səbail"lə layiqli şəkildə başa vurmağımızdır. Bu haqda düşünməyə vaxtımız çox olacaq

Digər Xəbərlər
Xəbər Lenti