Pis vəziyyətə düşən komanda yoldaşlarına nəfəs gətirən YENİ ADAM

16 Fevral 18:00 Səbail 1 124
Pis vəziyyətə düşən komanda yoldaşlarına nəfəs gətirən YENİ ADAM

"Səbail" yeni ildə ilk qələbəsini Qəbələdə qazandı.

Adıçəkilən şəhərdə "Kəpəz"in qonağı olan Bayıl təmsilçisi darmadağınla 3 xalı aktivinə yazdıra bildi - 4:1.

Amma matç heç də Şahin Diniyevin yetirmələri üçün uğurlu start götürməmişdi.

Yaxşı ilk hissə keçirən bölgə klubu 29-cu dəqiqədə Martins Juniorla hesabda irəli çıxmağı da bacardı.

Fərqi artırmaq üçün yaxşı fürsətlər də yox deyildi.

"Kəpəz" meydanda daha inamlı görünən tərəf idi.

Qonaqlarda isə bir həyəcan, təlaş aydın sezilirdi. Təbii ki, bu, növbəti dəfə meydandan qələbə qazanmadan ayrılmağın siqnalı idi.

Belədə dünənə kimi sonuncu sırada olan Gəncə klubu da "Səbail"i haqlaya bilərdi.

Oyundan görünən isə o idi ki, nominal meydan sahibləri qarşılaşmadan minimum 1 xalla ayrılacaq.

Lakin fasilə ərəfəsində gələn bərabərlik qolu "Kəpəz" üçün fiaskonun başlanğıcı oldu.

Yeqor Xvalko kimi təcrübəli müdafiəçinin cərimə meydançasında səliqəsiz oynamağının cavabı ədalətli penalti zərbəsi ilə nəticələndi.

Ramalinqomun 11 metrlik nöqtədən vurduğu zərbə dəqiq olunca tərəflər paltardəyişmə otağına fərqli əhval-ruhiyyədə yollanmalı oldu.

Əhvalı düzələn "dənizçilər"in oyununu da Diniyevin müdaxilələri nizama saldı.

Hələ də komandaya uyğunlaşa bilməyən, çox sayda yersiz top itkiləri ilə yadda qalan, rəqibə meydanda sərbəst hərəkət imkanı yaradan Ayub Masika və Madi Queta yerini uyğun olaraq Yadin Lüqasi və Suleyman Alluşa verməli oldular.

Artıq ikinci 45 dəqiqə meydanda tam başqa "Səbail" vardı.

Daim pressinq edən paytaxt klubu rəqibinə cərimə meydançasından çıxmağa imkan vermirdi.

Topu ələn keçirən kimi isə sürətli Alluş və Rüfətin hesabına kəsərli hücumlar qurmaq fürsətləri yaranırdı.

Bunun məntiqi nəticəsi olaraq 52-ci dəqiqədə Rüfət komandasını hesabda önə çıxardısa, 60-cı dəqiqədə Alluş oyunun taleyini böyük ölçüdə həll etmiş oldu.

Meydanda varlığı ilə yoxluğu bilinməyən "Kəpəz"də nəyisə dəyişməyə isə normal ehtiyat qüvvə yox idi.

Skamiyanın kasadlığı fonunda Şükürov gənc Cavad Kərimov, veteran Tural Rzayevin ümidinə qalınca nəyəsə ümid etməyə dəyməzdi.

Belədə son dəqiqələrdə Alluşun dublu "Səbail"in mövsümün ikinci yarısındakı ilk qələbəsinin darmadağınla rəsmiləşməsi demək idi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti