Şahin Diniyev onda ayılacaq ki...

12 Mart 2023 19:40 Səbail 771
Şahin Diniyev onda ayılacaq ki...

"Səbail" növbəti məğlubiyyətini "Qarabağ"dan aldı - 0:3.

Komanda son 4 oyundu qələbə üzünə həsrətdir.

Qışdan sonrakı 8 qarşılaşmadan 5-dən məğlubiyyət yaşanıb.

"Qəbələ" ilə heç-heçə (2:2) hakimlərin kobud səhvi sonrası əldə olunubsa, "Kəpəz" üzərində qələbə (0:1) konkret bəxtin təcəssümü idi.

Yalnız "Zirə" ilə oyunda Bayıl təmsilçisi qələbəni haqq edən oyun göstərib. Bir güllə bahar olmaz deyiblər.

Heç bir qələbə ilə ilə Premyer Liqada qalmaq da olmaz.

Amma Şahin Diniyev hər turdan sonra bər-bəzəkli vədlər verməklə məşğuldu.

"Sabah"a 0:4 uduzur "hansı oyunda xallar götürə biləcəyimizi bilirik" deyir.

"Sumqayıt"a məğlubiyyəti hakimlərə bağlayırsa, "Qarabağ" önündə darmadağın olanda da səviyyə söhbəti edir.

Biri onu demir ki, ay Şahin müəllim, bəhanə yeri deyil.

Xoş vədlərin, baş altına yastıq qoymağın isə heç yeri deyil.

Bir az da utanmaq lazımdır axı.

Ki, büdcəsi "Səbail"dən iki dəfə az olan "Kəpəz" "Qarabağ"dan, "Sabah"dan xal alır.

"Turan Tovuz" həmin "Sabah"ı elə səfərdə məğlub edir. Ayxan Abbasov "Qarabağ"a uduzmağın üzüntüsün yaşayır. Ki, uda bilərdik, xal ala bilərdik deyə.

Heyətində bir əcnəbisi olmayan "Şamaxı" "Sabah"ı məğlub etməyin həzzini yaşayır.

Sən də gah rəqibi şişirdirsən, gah da hakimləri qabardırsan.

Zamansa gedir. "Səbail"in isə sonuncu pillədən tərpənmək fikri yoxdur, deyəsən.

Sona cəmi 10 tur qaldı. Diniyev bir də onda ayılacaq ki, komanda 1-ci diviziona düşüb, özü isə hələ də xəyallar, bəhanələr, xoş vədlər girdabında ümidli gələcəkdən danışır. Ona kimi rəhbərlik səbr etsə...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti