Başına gələn problemləri 1 aydan sonra “Sportinfo”ya açıqladı

22 May 2022 19:40 Qəbələ 1 146
Başına gələn problemləri 1 aydan sonra “Sportinfo”ya açıqladı

“Şamaxı”nın cari mövsümdəki uğursuzluğunu Sənan Qurbanovun adıyla bağlayanların sayı az deyil.

Ötən mövsüm ölkə kubokunu başı üzərinə qaldıran komanda bu dəfə çempionatda və kubokda uzağa boylana bilmədi.

Nəticədə “Qarabağ”a faciəvi - 0:8 hesablı məğlubiyyət Sənan Qurbanov üçün sonuncu oldu. Baş məşqçi istefa verdiyi açıqlayıb getdi.

O vaxtdan sonra Qurbanovun komandadakı keçmişi haqda geniş müsahibəsinə rast gəlməmişik. Elə buna görə də Sənan bəyi arayıb, birlikdə geriyə boylanmaq qərarına gəldik.

- “Şamaxı” ilə bağlılığınız qalmayıb ki?

- Demək olar halallaşmışıq. Düzdür, müqaviləmin müddəti mövsümün sonuna qədərdir. Amma qarşılıqlı razılıq əsasən ortaq məxrəcə gəlmişik. Heç bir problem yoxdur.

- Klubdan alacağınız var?

- İşlədiyim sonuncu ayın maaşı qalıb. Komandaya veriləndə mən də alacağam.

- Ötənilki kubokun mükafatı necə?

- O məsələ açıq qalıb. Nə vaxtsa komandaya verilsə, yəqin ki, məni də yada salarlar, əlaqə saxlayarlar.

- Təxminən 1 aydır işsizsiniz. Bu müddətdə geriyə boylanmağa vaxtınız olub?

- Əlbəttə. Onsuz da işdən ayrılandan sonra keçmişə baxıram, oyunlarımızı izləyirəm, harada səhvə yol verdiyimizi analiz edirəm. Çünki soyuq başla düşünüb nəticə çıxarmaq daha asan və rahatdır.

- Səhvlərinizi görmək imkanınız olub yəqin ki.

- Təbii ki.

- Sadalaya bilərsiniz həmin nöqsanları?

- Futbolçuları oyunlara psixoloji baxımdan daha fərqli hazırlaya bilərdim. Məsələn, qış fasiləsində gedənlərin yerini doldura bilməməyimiz komandada rəqabətsizliyin yaranmasına səbəb olmuşdu. Digər komandalardan fərqli, toplanış üçün ölkə xaricinə gedə bilməməyimiz də müəyyən çətinliklərə yol açdı. Düzdür, bunlar maliyyə çətinliyinə görəydi. Bu və digər çətinliklər sanki futbolçularda psixoloji gərginliyin yaranmasına səbəb oldu. İndi fikirləşirəm ki, o dönəmdə daha çox psixoloji hazırlığa diqqət ayırmalıydım.

- Qışda komandanı gücləndirə bilməyəcəkdinizsə, niyə zəiflətdiniz?

- Bu, sırf maliyyə sıxıntısına görəydi. Bir neçə futbolçunun klubla müqaviləsinin müddəti başa çatmışdı. Bəziləri ilə özümüz yolları ayırmaq qərarına gəldik. Çünki komandaya lazımi faydanı verə bilmirdilər. Maliyyə sıxıntısı olmasaydı, onların boşluğunu doldura bilərdik. Təəssüf ki, alınmadı.

- Şübhələndiyiniz məğlubiyyət(lər) olub?

- Oyunları detallı şəkildə analiz edən adamam. Bir baxış analizim hardasa 6 saat çəkir. Bəzən ikinci 6 saata da gərək duyuram. Şübhələr insanı uçuruma aparır. Məğlub olduğumuz oyunlardan sonra şübhələrdən uzaq durmağa, analizlər zamanı pis niyyətdən uzaq durmağa çalışdım. “Sumqayıt”ı 1:0 udduğumuz halda 1:1 oynadıq. Eyni hal Qəbələdə də təkrarlandı. “Neftçi”ylə matçda yenə eyni şey. Hesabda önə keçsək də, qələbə hesabını qoruya bilmirdik. Bunun səbəbini şübhələnməkdə yox, reallıqda axtarıb tapmağa çalışırdım.

- Nə idi səbəbi?

- Səbəbi heyətin kasad olması idi. Biz ilk hissədə üstün oynayıb lazım olan qolu vururduq, ikinci hissədə komandanı gücləndirmək üçün əvəzetmə vaxtı gələndə heç nə edə bilmirdik. Lakin rəqib əvəzetmədən uğurla yararlanıb oyununu gücləndirməyə nail olurdu. Şamaxıda “Neftçi”ylə oyunu yada salmağınız kifayətdir. Son 5 matçda “Neftçi”ylə “Qarabağ”a uduzduq, qalan görüşləri heç-heçə başa vurduq.

- Konkretləşdirək, futbolçulardan şübhələnirdiniz, yoxsa yox?

- Yox!

- Komandaya kənar şəxslərin təsiri var idi? Zaur Axundovun dostlarının paltardəyişmə otağına daxil olub futbolçulara göstəriş verməsi, bəzi anlarda futbolçuları sərt tənqid etməsi...

- Mən olduğum dönəmdə bu cür hallar yaşanmayıb.

- İstefa qərarını özünüz vermişdiniz, yoxsa Zaur Axundov mesaj göndərmişdi?

- 0:8-dən sonra özümə yer tapa bilmirdim. Psixoloji durumum yaxşı deyildi. Bilirdim ki, bundan sonra komandanı toparlayıb oyunlara hazırlamaq çətin olacaq. Rəhbərliklə danışıb ortaq məxrəcə gəldik.

- Zaur Axundovla əl sıxıb getdiniz, yoxsa sağollaşmadan?

- Oyun günü istefa verdiyimi açıqladım, ertəsi bazaya gedib rəhbərliklə görüşdüm və ərizəmi təqdim etdim.

- Zaur Axundova?

- Açığı, Zaur müəllimi görə bilmədim, həmin vaxt bazada yox idi. Belə deyim, yaxşı şəkildə ayrıldıq.

- İndi nə işlə məşğulsunuz?

- Çempionat matçlarını izləyirəm, keçmiş oyunları analiz edirəm, mətbuatı izləyirəm, evdə yığılıb qalmış işlərin həlli ilə məşğulam, “Pro”nu oxuyuram. İnşallah, sentyabrda qurtarmalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda