“Milliyə seçim tamamilə performansa əsaslanır”.
Sportinfo.az xəbər verir ki, bunu Şotlandiyanın U-21 yığmasının yeni baş məşqçisi Toni Doçerti Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Bolqarıstana qarşı keçiriləcək son oyunlarla bağlı danışarkən deyib.
Baş məşqçi postunda Skot Gemmilli əvəzləyən 55 yaşlı mütəxəssis ikinci pillədəki Çexiyadan 3 xal geri qalmalarına baxmayaraq, hələ də pley-offa ümidini itirməyib.
O, bunun üçün ilk növbədə hər iki görüşdə qələbə qazanmağın vacib olduğunu söyləyib.
Yeni baş məşqçi ilk heyətinə 7 debütant cəlb edib. O, bunu fantastik addım kimi qiymətləndirib:
“Seçmə mərhələni keçmək üçün kiçik də olsa, şans var. Hər iki oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Bundan əlavə, nəticə növbəti seçmə mərhələdə hansı səbətdə – üçüncü, yoxsa dördüncü səbətdə – yer alacağımıza da təsir göstərəcək.
Buna görə də istənilən halda Azərbaycan və Bolqarıstana qalib gəlməliyik”.
Sentyabrın 30-da Kilmarnokda Azərbaycanın U-21 millisini qəbul edəcək şotlandlar oktyabrın 6-da Pazardjikdə Bolqarıstanın qonağı olacaq.
