"Qəbələ" Premyer Liqanın 6-cı turunda doğma meydanda "Neftçi"yə 0:3 hesabı ilə məğlub oldu.
Qarşılaşmadan sonra bölgə təmsilçisinin yarımmüdafiəçisi Elvin Camalov Sportinfo.az-a müsahibə verib.
– Evinə qayıdış məğlubiyyətlə başladı. Nələr deyə bilərsən?
– Düşünürəm ki, yaxşı oyun alındı. Komanda olaraq yaxşı çıxış etdik. Sadəcə, “Neftçi” elə komandadır ki, gərək onlarla matçda əlinə düşən fürsətlərdən yararlanasan. Biz şanslardan istifadə edə bilmədik. “Neftçi” keyfiyyətli futbolçulardan ibarət komandadır və yaranan fürsətlərdən yararlandılar. Sonda komandamızda bir qədər yorğunluq hiss olunurdu. Buna görə məğlub olduq.
– “Neftçi”dən ayrılıb “Qəbələ”yə keçdin ani baş verdi. Bir anda nə baş verdi?
– Oyun praktikam azalmışdı. “Neftçi”də az şans qazanırdım. Ona görə də belə bir qərar verdim. Əlbəttə, “Neftçi”dən ayrılmaq çox üzücü idi. O kluba, azarkeşlərinə və bütün əməkdaşlarına böyük hörmətim var. Sadəcə, çox şans qazana bilmədiyimdən, ayrılmaq məcburiyyətində qaldım. Daha çox oynamaq istəyirdim. Çünki karyeramın elə bir mərhələsindəyəm ki, oynamasaydım, karyeramı bitirə bilərdim, necə deyərlər, uçuruma doğru gedirdim. Bir il də belə otursaydım, karyeramı bitirəcəkdim və ya təkliflər az gələcəkdi. Ona görə də belə bir qərar verdim. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm və onlara uğurlar arzulayıram.
– “Qəbələ”dən təklif gələndə qərarı tez verdin, yoxsa müəyyən müddət düşündün?
– “Neftçi”də az şans qazandığım üçün belə qərar verdim. Həm də “Qəbələ” mənim qayıdışıma hər zaman isti yanaşıb. Kaxaber Tsxadadzenin baş məşqçi olduğu vaxt da komandaya dönməyimi istəyirdilər. İki variantım var idi. “Qəbələ”ni seçdim. Düşündüm ki, burada daha çox şans qazanar, daha çox oynayaram. Mənə inandılar, gələn kimi start heyətində yer aldım. Ümid edirəm ki, gələcəkdə onların inamlarını doğruldaram.
– “Neftçi”dəki karyeranı necə qiymətləndirirsən?
– “Neftçi”yə keçəndə necə bir komandaya getdiyimi, necə azarkeşlərinin olduğunu bilirdim. Onlar həqiqətən sözün əsl mənasında hər zaman mənə dəstək olublar. İstər oynadığım, istər oynamadığım vaxtlarda arxamda durublar. “Neftçi”də oynamaq hər bir futbolçunun arzusudur. Mən də bu arzumu gerçəkləşdirdiyim üçün sevinirəm. “Neftçi”yə getməyimi karyeramın mənfi addımı kimi qiymətləndirməzdim. Düzdür, oynamadım. Yaş amili, limit məsələsi var idi. Sonradan legioner limiti ləğv olundu və komandaya yeni futbolçular cəlb olundu. Daha çox onlara güvəndilər, mənə isə güvənmədilər. Məşqlərdə maksimum çalışırdım. Bunu məşqçilər də, rəhbərlik də təsdiqləyə bilər. Hər zaman nizam-intizamım, məşqlərə yanaşmamdan razı qalıblar. Heç göndərmək fikirləri də yox idi. Söhbətlərimizdə də deyirdilər ki, biz səni zorla göndərmirik. Bu, öz seçimim oldu. Sağ olsunlar, hörmətlə yanaşdılar. Mən də karyeramı uzatmaq baxımından daha çox şans qazanacağım “Qəbələ”yə gəldim.
– 2025/2026 mövsümündə “Neftçi”nin ən yaxşı qış transferlərindən biri idin. Lakin sonradan sanki bir anda kölgədə qaldın. Belə bir durumda özünə qarşı haqsızlıq olduğunu düşünürsənmi?
– Həmin vaxt komandaya sabiq baş məşqçi Samir Abasovun istəyilə gəlmişdim. “Neftçi” daim yüksək pillələr üçün oynadığından, hara getdiyimi, rəqabətlə üzləşəcəyimi anlayırdım. “Qəbələ”də də rəqabət var, heç vaxt bu məsələyə boş yanaşmaq olmaz. 2025/2026 mövsümünün ikinci yarısında legioner limiti var idi. Sonradan limit ləğv olundu, əcnəbi futbolçular alındı. Deyərdim ki, daha çox onlara güvəndilər. Mənə isə güvənmədilər. Rəhbərlik, məşqçilər heyəti, bütün kollektivlə hər zaman qarşılıqlı hörmətimiz olub. Sadəcə, futbolçu olaraq, az şans qazandım. Bəlkə də mənə inanmadılar. Mən də karyeramı uzatmaq baxımından belə bir seçim etdim.
– Bildiyimiz qədərilə, 2025-ci ilin yayında da təkliflərin olub. Sadəcə, maliyyə məsələlərində razılıq əldə edilməyib. “Qəbələ”yə qayıtmağın üçün bu dəfə maaşda güzəşt etdin?
– Bəli, yayda da təkliflərim var idi. Sadəcə, “Neftçi”də qalmağı həqiqətən çox istəyirdim. “Sumqayıt”la oyundan sonra da demişdim ki, “Neftçi”də qalmağa üstünlük verirəm. Qarşılıqlı olaraq onlar da istəkli yanaşdılar. Əlbəttə, “Qəbələ”yə gələndə oynamaq baxımından müəyyən maddi məsələlərdən keçməli oldum. İnanıram ki, gələcəkdə oynayacağam. Məğlub olmuşuq, amma oynadığım üçün çox sevincliyəm. Səhvlərimi təhlil edəcəyəm. Oyun praktikası mənim üçün tam başqa bir şeydir. Oynamayanda insan kölgədə qalır, yaddan çıxır. Düşündüm ki, bu il də otursam, bu il də oynamasam, daha çox yaddan çıxacağam. O baxımdan oynayıb ən azı göz önündə olub milli komandaya hardasa bir namizədlər sırasında olacağımı düşünürəm.
XANOĞLAN İMANOV
