“Qarabağ”ın ümidləri tükədən - YANLIŞ TRANSFER SİYASƏTİ

5 Dekabr 2019 12:24 Qarabağ 2 780
“Qarabağ”ın ümidləri tükədən - YANLIŞ TRANSFER SİYASƏTİ

“Qarabağ” Avropa Liqasının V turunda da qapısından qol buraxdı. İspaniyada “Sevilya”ya 0:2 hesabı ilə uduzan Ağdam klubu bu il qrupda keçirdiyi bütün oyunlarda qapısında qol görüb. “Sevilya”dan 5, ikincilik uğrundakı mübarizədə əsas rəqib APOEL-dən 4, “Düdelanj”dan 1 qol buraxan bosniya və herseqovinalı qapıçı Asmir Beqoviç ümumilikdə 10 topa üzülüb.

Orta hesabla hər görüşdə 2 dəfə topu qapısında görən legioner yalnız autsayder “Düdelanj”la matçda 1 qola buraxmasına sevinib. Digər oyunlarda isə bu rəqəm 2 və ya 3 olunub. Sevilyadakı ilk hissəsi aldadıcı təsirli qarşılaşmadan danışmağa ehtiyac yoxdur. Ona görə ki, «Qarabağ», obyektiv olaraq, rəqibin verdiyi imkan qədər oynaya bilirdi.

Yarışdan bəhs etsək, yaxşıdır: yarış göstərdi ki, son iki ildə Ağdam klubu transferlərində də ardıcıl iflaslara düçar olur. Əlbəttə, bunu Avropa səhnəsi prizmasından və həmin meyarları etalon götürüb deyirik. Yoxsa ki, heyət milli çempionat səviyyəsində at oynatmağa yetərlidir. «Qarabağ»ın transferdə effektə nail ola bilməməsinin cavabı, kobud desək, «bu işə peşəkarcasına yanaşılmır və bu işlə peşəkarlar, həm də müntəzəm məşğul olmur» ifadəsindədir. Hərçənd bunun başqa səbəbi də var: komandada sistemli və planlı təməl yoxdur. Ser Aleks Ferqyusonun «Mançester Yunayted»inin tarixçəsini, yəqin, çoxları bilir.

Əlbəttə, «Qarabağ»ın «Yunayted»liyindən danışmırıq. Amma keçilən yol «Qarabağ» rəhbərliyinə nümunə ola bilər. Azərbaycan çempionu bu gün çoxlarına məlum başqa bir tarixçəni təkrarlayır: Oleq Romantsevli «Spartak»ınkını. Bu yolu getməmək üçün ehkamları dağıtmaq lazımdır və zənnimcə, çempiona son fürsətdir. «Qarabağ»ın elə Avropa liqasının kandarında fırlanaraq bu futbolun içinə daxil ola bilməyən bir komandaya çevrilməsi daha təhlükəlidir. Hərgah, komanda Çempionlar liqasının qrup mərhələlərində bunları etsəydi, ümidsizliyə qapılmamağa əsas olmazdı.

Əlbəttə, «Qarabağ»ı buna qədər futbola gəlib parlayaraq solmuş klubların aqibətini gözləmədiyinə inam və ümid var. Ağdam klubu vaxtilə yüksəlişdən sonra enişlər də yaşayıb, fəqət, bu halın təkrarlanacağı istisna deyil. Kollektiv hər cəhətdən sanki yorğunlaşıb, arğınlaşıb və nəticədə, durğunlaşıb. Komanda zamanla "budanmır", dəyişmir, yeniləşmək istəmir. Bundan tək özü deyil, bütün futbolumuz əziyyət çəkir.

Normal milli çempionatda möhkəm ortababların olmaması bütün ümidi məhz kökü olan klublara dayayıb. Bu missiyanı yerinə yetirmək üçün klub nəyəsə cəhd etməlidir ki, təkanverici qüvvəyə çevrilsin, inkişafa zəmin yaransın. Ümumilikdə, belə durğunluqarın əsas səbəbi hesabatsızlıqdır. Hesabatın kökündə isə hesab dayanır. Məcburi deyil ki, hesab ictimailəşmiş və hərfi mənası ilə olsun. Ən vacibi, klub özü qarşısında təkcə maliyyə deyil, futbolun əsasını təşkil edən cəhətlər üzrə hesabatlılığı yaratmalı və na güvənməlidir. Əks təqdirdə, elə indiki kimi, hər dövr, yaxın-uzaq müddətlər üçün plan və startegiyanı, konsepsiyanı qura bilməyəcək.

Yekunda sabit-durğun vəziyyət fonunda gah nala, gah mıxa vuran, gah yüksələn, gah da enən bir mənəzərə yaranacaq. Bununla inkişaf yüksəliş kimi, eniş isə səbəbi tapılan əsaslardan ibarət olacaq. Xatırlamaq da yerinə düşər ki, hər tikilinin təməli oldduğu kimi, klubun da bazasının, heç olmazsa, söykəndiyi meyarlar, prinsiplər bəli olmalıdır.

BATI YAR

Digər Xəbərlər
Xəbər Lenti