“Sabah”ın Avropadakı çıxışlarını dəyərləndirərkən, “Qarabağ”ın xidmətlərini ayrıca qeyd etmək vacibdir.
Azərbaycan futbolunun Avropa səhnəsində özünə yer edə biləcəyinə dair inamın formalaşmasında “Qarabağ”ın rolu müstəsnadır.
“Qarabağ” uzun illər ərzində Avropa turnirlərində iştirak etməklə kifayətlənmədi.
Klub öz oyun modelini formalaşdırdı, beynəlxalq təcrübə topladı, müxtəlif futbol məktəblərindən olan rəqiblərlə mübarizə apardı və Azərbaycan futbolunun Avropada tanınmasına töhfə verdi.
Ağdam təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsində mütəmadi çıxışları, Avropa Liqasındakı uğurları və güclü klublara qarşı nümayiş etdirdiyi oyunlar ölkə futbolunun düşüncə tərzini dəyişdi.
2026-cı ilin yanvarında “Qarabağ”ın “Ayntraxt Frankfurt” üzərində 3:2 hesablı qələbəsi bunun parlaq nümunələrindən biri oldu.
Bəhlul Mustafazadənin əlavə olunmuş vaxtda vurduğu qolla qazanılan həmin qələbə Azərbaycan klubunun Avropanın nüfuzlu komandalarına qarşı son ana qədər mübarizə apara biləcəyini bir daha göstərdi.
“Qarabağ”ın ən böyük nailiyyətlərindən biri məhz bu psixoloji baryeri aradan qaldırmasıdır.
Əvvəllər Avropanın böyük klubları ilə qarşılaşmaq bir çoxları üçün yalnız böyük təcrübə qazanmaq imkanı kimi görünürdüsə, “Qarabağ” belə oyunlarda nəticə qazanmağın real məqsəd ola biləcəyini sübut etdi.
Bu səbəbdən “Qarabağ”ın xidmətlərini yalnız titullarla və qələbələrlə ölçmək doğru deyil. Klub Azərbaycan futbolçularına, məşqçilərinə, rəhbərlərinə və azarkeşlərinə daha geniş düşünmək üçün əsas verdi.
“Sabah”ın bugünkü iddiasını da həmin təməldən ayrı təsəvvür etmək mümkün deyil.
SPORTİNFO.AZ
