Bu gün Azərbaycan futbolunda yeni reallıqla üz-üzəyik.
Bir vaxtlar avrokubokların əsas mərhələsinə yüksəlmək əlçatmaz arzu idisə, indi bu, real hədəfə çevrilib. Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasında ölkəmizi təmsil edir, Premyer Liqada isə “Qarabağ”, “Neftçi” və “Sabah” çempionluq uğrunda mübarizə aparır.
Bəlkə də yaxın illərdə “Neftçi”ni də avrokubokların əsas mərhələsinin daimi iştirakçısı kimi görəcəyik. Buna təəccüblənməməliyik. Çünki Azərbaycan futbolunda Avropa arenalarında iştirak artıq təsadüfi uğurdan ənənəyə çevrilməkdədir.
Bəs bu ənənənin əsasını kim qoydu? Azərbaycan futboluna Avropa səhnəsində davamlı iştirak düşüncəsini kim gətirdi?
Təbii ki, “Qarabağ”!
Ağdam təmsilçisi 2014-cü ildən başlayaraq Avropa Liqasında, Çempionlar Liqasında və Konfrans Liqasında qazandığı təcrübə ilə Azərbaycan futbolunun simasını dəyişdi. “Qarabağ” təkcə nüfuzlu turnirlərdə iştirak etmədi, həm də Azərbaycan klubunun Avropanın adlı-sanlı rəqibləri ilə mübarizə apara, növbəti mərhələlərə yüksələ biləcəyini sübut etdi.
Digər klublar bundan ilhamlandı, Avropa nəhənglərini Bakıya gəlməyə məcbur etmək, beynəlxalq arenada uğurlar qazanmaq digər klublarımız üçün də motivasiya mənbəyinə çevrildi.
Təsadüfi deyil ki, “Sabah”ın prezidenti Maqsud Adıgözəlov da açıqlamalarının birində “Qarabağ”ın avrokubok təcrübəsindən motivasiya aldıqlarını və Ağdam klubunu özləri üçün nümunə götürdüklərini dilə gətirmişdi.
“Qarabağ” illər ərzində sübut etdi ki, düzgün idarəçilik, sabitlik, peşəkar yanaşma və uzunmüddətli strategiya ilə Azərbaycan klubu Avropada söz sahibi ola bilər. Bu uğurlar digər komandalarımızın da daha böyük hədəflər müəyyənləşdirməsinə zəmin yaratdı.
Bu gün “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi və debüt mövsümündə qələbə qazanması həmin yolun davamıdır. Bir vaxtlar “Qarabağ”ın keçdiyi mərhələlər indi digər Azərbaycan klubları üçün də real hədəfə çevrilib.
İnanıram ki, yaxın illərdə “Neftçi” də bu səviyyəyə yüksəlmək üçün ciddi addımlar atacaq. Beləliklə, Azərbaycan futbolunda həm daxili rəqabətin güclənməsinin, həm də avrokuboklarda təmsilçiliyimizin genişlənməsinin şahidi olacağıq.
Artıq “Qarabağ” Avropa arenasında tək deyil. “Sabah”ın uğurları göstərir ki, Ağdam klubunun illər ərzində çəkdiyi zəhmət digər komandalar üçün də yol açıb. Premyer Liqada çempionluq uğrunda mübarizənin qızışması isə Azərbaycan futbolunun inkişafı baxımından əlavə stimul yaradır.
Bütün bunlara görə “Qarabağ”a nə qədər təşəkkür etsək, azdır. Bu gün Azərbaycan futbolunda Avropa ab-havasından, Çempionlar Liqasının həyəcanından və qitənin nüfuzlu klubları ilə rəqabətdən danışırıqsa, burada Ağdam təmsilçisinin müstəsna xidmətləri var.
Bu uğur hekayəsinin arxasında bütöv bir klubun əməyi və illərin zəhməti ilə yanaşı, baş məşqçi Qurban Qurbanovun futbol fəlsəfəsi də dayanır.
Azərbaycan futbolunda Avropa ənənəsinin əsasını “Qarabağ” qoydu. İndi isə bu ənənəni davam etdirmək və daha da böyütmək növbəsi “Qarabağ”la yanaşı digər klublarımızındır.
HƏBİB / SPORTİNFO.AZ
