«Qarabağ» artıq 300 dəqiqədir qol üzünə həsrətdir.
ÇSKA ilə başlayan «orucluq» hələ də davam etməkdədir.
Bakıda və Sofiyada rəqib qapısına yol tapmayan «Qarabağ» Polşanın Lublin şəhərində də «Dinamo»nun torunu silkələyə bilmədi.
Bu, böhranın özüdür. Qurban Qurbanov ikinci hissədə məhz buna görə oyunun strukturunu dəyişməyə çalışdı.
Kadi və Musa Qurbanlının meydana daxil olması ilə hücumda fərqli profillər əlavə edildi, daha çox futbolçunun cərimə meydançasına girməsi və ikinci topların toplanması hədəfləndi.
Jali Muaddibin 69-cu dəqiqədəki təhlükəli epizodu da “Qarabağ”ın ikinci hissədə rəqib qapısına daha konkret yaxınlaşa bildiyini göstərirdi.
Ancaq bunun əks tərəfi də var idi: hücuma daha çox qüvvə ayrıldıqca, top itkisindən sonrakı “rest-defence” strukturu daha həssas vəziyyətə düşürdü.
Matçın sonlarına doğru yüksək pressinqin əvvəlki intensivlikdə davam etdirilməsi də çətinləşdi.
Üstəlik, Cəbrayıl Makreckisin 90+1-ci dəqiqədə qırmızı vərəqə alması oyunun sonunu və Bakıdakı cavab matçının planını əlavə olaraq çətinləşdirdi.
Səmimi danışaq, «Qarabağ»da kimisə kimdənsə fərqləndirməyə, «filankəs yaxşıdır» deməyə adamın dili gəlmir. «Qarabağ» komanda şəklində ciddi problemlər yaşayır.
Bir, yaxud bir neçə futbolçu normal təsir bağışlayıb, digərləri bərbad oynasaydı, dərd yarı idi.
Bəla ondadır ki, heyətdəkilərin hamısı eyni vəziyyətdədir - nə istədikləri, niyə belə etdikləri naməlumdur.
ELNUR
