“Qarabağ”ın marşını yazan bəstəkar: “Braqa” ilə oyundan sonra..."

23 Fevral 07:20 Qarabağ 877
“Qarabağ”ın marşını yazan bəstəkar: “Braqa” ilə oyundan sonra..."

“Bir azərbaycanlı qadın bəstəkar olaraq “Qarabağ” futbol klubunun rəsmi marşını yazdığım üçün çox qürurluyam, çox şadam”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın yeni marşının yaradıcısı Turan Manafzadə ifadə edib.

Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu bildirib ki, bu marş həm klubun, həm sponsorun, həm də onun özü tərəfindən azarkeşlərə edilən bir hədiyyədir:

“Yaşımın gənc olmasına baxmayaraq, belə bir təklifin məhz mənə gəlməsi də ayrı bir qürur hissi yaşatdı. Bir bəstəkar olaraq əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Deyə bilərəm ki, bu mənim uşaqlıq xəyalım idi. Özümün də belə bir əsəri yazmaqla bağlı fikrim var idi, təklif, necə deyərlər, tam yerinə düşdü. Marşımızın hər birimizə xeyirli-uğurlu olmasını diləyirəm”.

O, Türkiyənin yüzillik yubileyi münasibətilə yazdığı marşın tamaşaçıların böyük rəğbətini qazandığını söyləyib:

“Bundan sonra “Qarabağ”ın sponsorunun rəsmiləri mənimlə əlaqə yaradaraq marşın yazılmasını təklif etdilər. Mən də o andan etibarən artıq əsərimi fikrimdə canlandıraraq yazmağa başladım. Həmin ərəfədə 30 illik həsrətdən sonra Xankəndi şəhər stadionunda komandamızın oyunu olacaqdı. Marşın məhz bu matça yetişməsini hər birimiz çox istəyirdik. Fikrimdə Qarabağımızla, klubla bağlı Allahverdi Bağırov, “İmarət”, Ağdam adları kimi açar sözlər var idi. Xankəndidəki qələbə bizim şüarımız idi. Bütün bu kəlmələrdən istifadə edərək həm sözlərini, həm də musiqisini yazdığım bu marş ilk dəfə Xankəndidə səsləndirildi”.

T.Manafzadə marşı ən çox qəhrəmanlığı ifadə edən fa minor tonunda yazdığını vurğulayıb:

“Türkiyə-100” marşı da eyni tonda bəstələnib ki, bunun xüsusi bir mənası var. Bu, bizim hər iki Vətənimizin birliyini, qardaşlığını tərənnüm edir. Əsərin duyğu yüklü, Qarabağımıza, Azərbaycanımıza, klubumuza yaraşan, milli-mənəvi dəyərlərimizi ön plana çəkərək, daima vətənpərvərliyimizi xatırlatmasına diqqət etdim. Marş səslənəndə isə insanların reaksiyasından istəyimə nail olduğumu anladım. Fikrimcə bu, başqa cür ola da bilməzdi. Çünki Zəfər qazanmış bir xalqın nümayəndəsi olaraq qələbənin verdiyi o cəsarət, qürur hissləri özünü istər-istəməz büruzə verir. Hər bir əsərimdə olduğu kimi, bu marşda da istər sözlər, istər musiqi naxış-naxış toxunub”.

O, bəstəkar kimi musiqi diplomatiyasının əhəmiyyətini olduqca yaxşı anladığını və bir azərbaycanlı olaraq idman sahəsindəki bütün uğurlara çox sevindiyini əlavə edib:

“Bütün idmançılarımıza uğurlar, səslərinin daima yüksək zirvələrdən gəlməsini arzu edirəm. “Braqa” ilə oyundan sonra marşın klubumuza şans gətirdiyini ifadə edən çox xoş mesajlar aldım. Bunu azarkeşlərin dilindən eşitmək olduqca xoşdur. İlk klub marşının məhz “Qarabağ” üçün yazılmasının sevincini və qürurunu isə dilə gətirmək çətindir”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb