“Qarabağ” bütün gəlirləri Türkiyəyə göndərir – Təkcə bilet satışı deyilmiş...

28 Mart 2023 20:00 Qarabağ 1 967
“Qarabağ” bütün gəlirləri Türkiyəyə göndərir – Təkcə bilet satışı deyilmiş...

“Qarabağ”la “Qalatasaray” arasında keçirilən xeyriyyə matçının bilet satışından əldə olunacaq vəsait Türkiyəyə - zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Martın 26-dakı oyun üçün 60 mindən artıq bilet satılmışdı ki, qeyri-rəsmi mənbələrin məlumatına görə, 1 milyon manatdan çox pul yığılıb.

Lakin klub hələ də rəsmi rəqəmi açıqlamayıb. Klubun mətbuat katibi Gündüz Abbaszadədən məsələ ilə bağlı məlumat aldıq.

Məlum oldu ki, hazırda rəqəmlərin hesablanması ilə bağlı tamamlanma işləri gedir. Dəqiq bilgi olan kimi klub ictimaiyyətə bu haqda xəbər verəcək.

İşin maraqlı tərəfi odur ki, Türkiyəyə göndəriləcək vəsait təkcə bilet satışından əldə olunan gəlirdən ibarət olmayacaq.

Oyun günü meydanın kənarındakı lövhələrdə yerləşdirilən reklamlar, matçın canlı yayımlanması üçün “CBC Sport”dan gələn pul, hətta birbaşa yayım vaxtı telekanalda göstərilən reklamlardan əldə olunan vəsait də son qəpiyinə kimi qardaş ölkədə zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” arasında baş tutan qardaşlıq görüşündə rəqib 2:1 hesabı ilə qalib gəlib.

“Cim-Bom” 4-cü dəqiqədə Bafetimbi Qomislə hesabı açsa da, Redon Cica 19-cu dəqiqədə status-kvonu bərpa edib.

87-ci dəqiqədə meydana sonradan daxil olan Mauro İkardi cərimə meydançasında özünə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti