Günahkar "Şah" belə münasibətə layiqdirmi?

26 Noyabr 2021 11:40 Qarabağ 3 397
Günahkar "Şah" belə münasibətə layiqdirmi?

"Qarabağ" Konfrans Liqasında növbəti matçını dünən axşam keçirdi. "Omoniya" ilə qarşılaşma komandamızın qrupdakı 5-ci oyunu idi.

Öncəki dörd oyundan üçündə qələbə qazanan kollektiv, yalnız Bakıda "Bazel"lə bərabərə qalmışdı. Qrupdakı ikinci bərabərliyimiz 5-ci turda Kipr təmsilçisi ilə görüşdə qeydə alındı.

"Bazel"lə oyundakı bərabərliyə görə şanssızlığı və bir qədər də son dəqiqələrdə real qol imkanını qaçıran Ramil Şeydayevi qınamışdıq. Budəfəki bərabərlikdə də iki günahkarımız vardı - şanssızlıq və Şahruddin Məhəmmədəliyev. Hər iki oyunda da kifayət qədər qol şansları boşa qaçırılmışdı.

Dünən axşam qələbəni əldən verməyimizdə isə şanssızlıqdan da çox "Şah"ın "əməyi" oldu. Rəqib azlıqda mübarizə aparır, "Qarabağ" 88-ci dəqiqədə hesabda önə keçir, qələbəyə dəqiqələr qalır və "Şah"...

Heç bir ehtiyac, məntiqi izah olmayan halda ölkənin "bir nömrəsi" qapı xəttini bir xeyli tərk edərək irəli çıxır. Dəfələrlə bu hərəkətinə görə Məhəmmədəliyev azarkeşlər və media tərəfindən qınanıb, tənqid edilib.

Bu dəfə isə cəzalandırıldı. Həm də mərkəz xəttindən vurulan möhtəşəm zərbə ilə. Qomezin hamımızı üzən ecazkar qolunu dəfələrlə izləməyə dəyərdi.

Həqiqətən, qələbəni bu şəkildə əldən vermək hamımızı üzdü. Haqqlı olaraq "Şah" ciddi tənqidlərlə üzləşdi. Soyuq qış gecəsində arenaya toplaşan 20 minə yaxın "Qarabağ" sevdalılarını belə səhvlə "isitmək" bağışlanmaz səhv idi.

Amma istənilən halda onu ələ salan, məsxərəyə qoyan fürsətçiləri anlaya bilmədim. Ki, "Şah" dünənki səhvi ilə bərabər qrupa qədər və qrupdakı hər üç qələbəmizdə də böyük əməyi olanlardandır. Tariximizdə ilk dəfə pley-offa yüksəlməyimizdə xidmətləri olan qəhrəmanımızdır. Qəhrəmanlar isə belə münasibətə layiq deyil.

Ümumiyyətlə, kiçik araşdırma aparsaq görərik ki, hətta dünyaca məşhur Manuel Noyer, Ter Ştegen kimilərin də karyerasında belə kruyoz qollar yox deyil.

Deməli, "Şah" da tənqidlərdən, hətta təhqirlərdən belə sınmamalı, daha də böyük əzmlə çalışmalıdır. Növbəti qəhrəmanlıqlarını görməyimiz üçün.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı