Azərbaycanın tanınmış xanım idmançısı köməksiz durumda - 3 uşaqla...

11 Sentyabr 2020 10:38 Qalmaqal 883
Azərbaycanın tanınmış xanım idmançısı köməksiz durumda - 3 uşaqla...

Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlının valideynlərini Dubay polisi tutub aparıb.

Sportinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Dubay şahzadəsi ilə evli olan və hazırda orada yaşayan gimnastımız Zeynəb Cavadlı üç uşağı ilə villadan çıxa bilmir. Buna səbəb qapıların bağlı olmasıdır.

Uşaqlarının əlindən alınacağından qorxan ana köməksizdir. Məsələyə Xarici İşlər Nazirliyinin və Ombudsman Aparatının reaksiya göstərilməsinin vacibliyi vurğulanır.

Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə gedib. Cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər.

Cavadlı 1991-ci ildə Bakıda anadan olub, əslən Naxçıvandandır. 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış edib. Lakin 2012-ci ildə aldığı zədə üzündən idmançı fəaliyyətini yekunlaşdıraraq, məşqçi karyerasına başlayıb.

Səid Əl Məktum 1976-cı ildə Dubayda anadan olub. Onun atası Maktum ibn Rəşid Əl Məktum 1990-2006-cı illərdə Dubayın əmiri olub. Onun vəfatından sonra isə hakimiyyətə əmisi Məhəmməd ibn Rəşid gəlib.

Səid Əl Məktum 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəalliyət göstərir, Olimpiya oyunlarının iştirakçısıdır. Atasının vəfatından sonra onun 16 milyard dollar dəyərində qiymətləndirilən mirası yeganə övlad kimi Səid Əl Məktuma keçib.

Səid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin ən varlı şeyxlərindən biri, mesenat kimi tanınır.

Digər Xəbərlər
Xəbər Lenti