Azərbaycanlı meneceri kim aldadıb? - "Neftçi", yoxsa futbolçu?

11 Yanvar 2020 18:02 Qalmaqal 2 339
Azərbaycanlı meneceri kim aldadıb? -

“Neftçi”nin iranlı futbolçu Saman Nəriman Cahanı heyətinə qatdığını xəbər vermişdik. Futbolçunun meneceri Xanbaba Daşdıdır. Menecer dünən sosial şəbəkə hesabından futbolçunun transferini açıqlamışdı:

"Yeni transferim 1,5 illik “Neftçi”də! Hər iki tərəfə xeyirli olsun. Təqdimatda iştirak etməməyimin səbəbini isə yaxın günlərdə açıqlayacam".

Bizdə olan məlumata görə, Daşdının meneceri olduğunu dediyi futbolçunun təqdimat mərasimində görünməməsinin səbəbi “Neftçi” rəsmiləri ilə aralarında olan narazılıqdır. Belə ki, Cahanın Azərbaycana gəlməsində onun meneceri Daşdının birbaşa rolu olsa da, “ağ-qaralar”ın idman direktoru Ceyhun Sultanov futbolçu ilə tez-tələsik görüşərək, onun klubla müqavilə bağlamasına nail olub. Yəni başqa sözlə, Daşdı bu məsələdə “ofsayd”a salınıb. Bu isə o deməkdir ki, “Neftçi” iranlı futbolçunun agenti olduğuna dair əlində sənədi olan Xanbaba Daşdıya bu transferdən çatmalı olan faizi – pulu ödəmək istəməyib, hazırda da istəmir.

Hazırda Daşdı ilə “Neftçi”, xüsusilə də, Ceyhun Sultanov arasında danışıqlar davam edir. İranlı futbolçunun meneceri olduğunu deyən, onun “Neftçi”yə keçidində rolu olduğunu bildirən Daşdı ona çatmalı olan pulu tələb edir. Bakı klubunun prezidenti Kamran Quliyevlə Ceyhun Sultanovun isə həmin pulu menecerə vermək istəmədikləri, öz ciblərinə qoyduqları deyilir. Məsələ hansı sonluqla bitəcək, bunu qarşıdakı günlərdə biləcəyik (komanda.az).

Sportinfo.az menecerlə "Neftçi"nin idman direktoru arasında yaranmış narazılığın təfərrüatlarını əldə edib. Saytımıza daxil olan məlumata görə, Ceyhun Sultanovun Xanbaba Daşdını Cahanın transferindən kənarda qoyması onun FİFA lisenziyasının olmaması ilə bağlıdır. Digər tərəfdən, "Maşın Sazi"nin idman direktoru Həsən Nəsirzadə Sultanovla Təbriz klubunda komanda yoldaşı olub. O vaxtdan yaxşı münasibətləri olan veteran futbolçular hər şeyi öz aralarında həll etməyi daha məqsədəuyğun biliblər.

Məsələylə bağlı Xanbaba Daşdının da mövqeyini öyrəndik: "Klub tərəfini hələ danışmaq istəmirəm. Amma oyunçu ilə bağlı onu deyə bilərəm ki, onu "Neftçi"yə, Ceyhun bəyə təklif edən mən olmuşam. Əlimdə videogörüntü ilə rəsmi mandatım var. Qiyməti də, maaşı da, müqavilə müddətini də bütün xırdalıqlarına kimi mən danışmışam. "Neftçi" klubundan bildirilib ki, biz Cahanın transferinə 1 dollar belə, ödəyən deyilik. Ona görə də oyunçunun atası mənə bildirdi ki, "Maşın Sazi" ilə məsələni özümüz həll edəcəyik, sən Bakı klubu ilə danış. Mən də hər şeyi hazır elədim. Hər gün üçtərəfli danışıq gedirdi. Amma müqavilədən bir gün əvvəl futbolçunun atası zəng vurub dedi ki, İran klubu oyunçunu buraxmır. Xahiş etdi ki, "Neftçi" klubuna bildirin, ödəniş məsələsini həll etsinlər və maaşı artırsınlar. Yalnız bu halda gələrik, başqa yol yoxdur. Mən də klubun qarşı tərəfə hər hansı ödəniş etməsini istəmədim. Çünki ilk gündən deyilmişdi ki, ödəniş olmayacaq. Bu səbəbdən təkrar narahat etmədim.

Atası dedi ki, bu iş bitdi, biz Bakıya gəlmirik. Mən də onun dediklərini Ceyhun müəllimə çatdırdım. Səhəri gün isə transfer açıqlandı. Əslində mən belə bir şeyin olacağını bilirdim. Çünki İrandan məlumat ötürürdülər. Həmin gün Sultanovla əlaqə saxladım, arada olan problemlərin həll olunmasını xahiş etdim. Bu, birbaşa mənim transferimdir. Futbolçunun Azərbaycanda yeganə təmsilçisi mənəm. Təkcə rəsmi tərəfini götürsək, futbolçu məndən icazəsiz gəlib müqavilə bağlayıb. Mənə rəsmi mandat verdiyi, bütün danışıqları mən apardığım halda başqa iranlı menecerin vasitəsilə "Neftçi"yə keçib.

Bu transferdən 1 dollar da olsun, pul qazanmamışam. Oyunçu ilə danışıq getmir. Çünki artıq rəsmi prosedurlara başlamışıq. Lazımı yerlərə müraciət, şikayət olunacaq. Bu işin belə asanlıqla bitməyəcəyini indidən deyə bilərəm. Futbolçunun atasına yeganə sualım bu oldu ki, "Maşın Sazi" ilə problemi həll edirdizsə, menecerlərin nə fərqi var? İranlı agent olmasın, Xanbaba olsun. Rəsmi işləri görən mən, hər şey hazır olanda əlindən tutab gətirən menecer başqası olsun. Bu sualın cavabını əslində bilirəm. Sadəcə, özlərindən də eşitmək istəyirəm.

"Neftçi" ilə, daha dəqiq desəm, Ceyhun bəylə danışıq gedir. Bu məsələni hələ açıqlamaq istəmirəm. 2-3 gün ərzində ətraflı danışacam. Klubdan konkret cavab deməyiblər. Məsələ açıq olaraq qalır. Hazırda mənim əsas işim futbolçu ilədir. Lazım olan hüquqi işləri görəcəm.

"Neftçi" mənə doğma klubdur. Uşaqlıqdan bu komandanın azarkeşiyəm. Müəyyən müddət "Forza Neftçi" fan-klubunun içində olmuşam. İndi də hamısını qardaş gözü ilə görürəm. Hamısı ilə münasibətlərimiz əladır. Ona görə hələ heç nə demək istəmirəm. Kluba olan hörmətimə görə gözləyirəm. Görək, söhbət hansı istiqamətdə gedəcək.

Açığı, futbolçu ilə bu problemin həlli çətin görünür. Ümid edirəm ki, klubla ortaq məxrəcə gələ biləcəyik. Futbolçudan isə gözləntim azdır. Çünki atası bütün komissiya haqlarından imtina edir. Mənə deyir ki, sən heç bir iş görməmisən. Çox şeylər var, gözləmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti