"Bu cür legionerlərin hamısını millidən qovmaq lazımdır"

21 Noyabr 2019 14:21 Qalmaqal 1 911
"Bu cür legionerlərin hamısını millidən qovmaq lazımdır"

"İlk yarıda slovakiyalılarla bacarmaq imkanımız yox idi. Meydan sahibləri maşın kimi dayanmadan öz məqsədlərinə doğru gedirdilər. Bir qol vurub, 4-5 real qol vəziyyəti yaratdılar. İkinci hissə başlayan kimi Uelsin Macarıstana ikinci qol vurması Slovakiyanı motivasiyadan, ruhdan saldı". Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlu deyib.

O, yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını dəyərləndirib. Yunisoğlu millimizin Slovakiya ilə matçda xal qazana bilməməsini bu cür şərh edib:

“Slovakiya ruhdan düşdükdən sonra bizim xal qazanmaq imkanımız yaranmışdı. Hətta üç xal da əldə etmək mümkün idi. Çünki slovakların fikri artıq öz oyununda deyildi. Amma bizimkilər bunu da bacarmadı. Nəticədə ikinci qolu buraxdıq”.

Yığmamızın sabiq üzvü Slovakiya ilə oyunun fasiləsində Eddi İsrafilov və Ramil Şeydayev arasında yaranan insident barədə öz fikirini bildirib:

Oxudum ki, fasilədə Şeydayev Eddinin üstünə gedib və həvəssiz oynadığına görə ona iradını bildirib. Şeyadyevi 100 faiz dəstəkləyirəm. Dəfələrlə demişəm ki, “süni legionerlər” millidə oynamağa layiq deyillər. Onlar bayrağa, vətənə, millətə görə oynamaq istəmirlər, pula görə gəlirlər. Eddinin nə vecinədir uduzmaq? Uduzurlar, gedirlər İspaniyaya, Almaniyaya kef çəkməyə. Azərbaycanda nə dostları, nə də qohumları var ki, heç olmasa, onları utandırmamaq üçün meydanda can qoysunlar. Biri deyir, mənim pulumu verin, yoxsa oynamayacam, o biri mükafat davası edir. Məncə, onları “optavoy” yığıb birdəfəlik millidən göndərmək lazımdır. Bunlara görə komanda həvəssiz oynayır. Çünki bunların laqeydliyi virus kimi bütün komandaya yayılır. Bu virusu komandadan çıxarmaq lazımdır".

Millimizin sabiq üzvü Nikola Yurçeviçin baş məşqçi postunda qalıb-qalmaması haqda bunu deyib:

“Millidə baş məşqçinin kim olmasından asılı olmayaraq, hər şey oyunçulardan asılıdır. Əgər futbolçu həvəssiz, məqsədsiz, istəksiz oynayırsa, məşqçi düzgün seleksiya işi görməlidir. Atmosferi pozanları qovmaq lazımdır. Milli komanda “yola vermək” yeri deyil. Milliyə dəvət olunanlar ölənə qədər meydanda can qoymalıdırlar. Çünki bayrağımızı, dövlətimizi təmsil edirlər. Milli komandada oynamaq hər futbolçuya qismət olmur. Bunu dəyərləndirmək lazımdır. İtaliya millisinin Ermənistana 9:1 qalib gəldiyi matçdan əvvəl dövlət himnini oxumağını gördünüz? Onların gözlərindəki həvəsə fikir verdiz? Adamın tükləri biz-biz olurdu. İtaliyalılar millinin şərəfini qoruyur, bizim futbolçular isə yola verir. Təəssüf ki, belədir”.

Onun fikirlərinə görə yığmada hazırda müsbət heç nə yoxdur: “Millimiz haqda hamı danışır, amma heç kim müsbət məqam tapa bilmir. Milli 24 illik antirekordu təkrarladı. Sağolsun, dostlarımız xorvatlar bizə yenə bir xal hədiyyə verdilər. Bu tsikldə güclü qrupa düşdüyümüzü deyənlərlə razılaşmıram. Hər dəfə bu cür qrup olur da. Sadəcə bu dəfə aşkar zəif, autsayder düşmədi ki, onlardan 4-6 xal alaq.

Avropada zəif komanda qalmayıb. Bunu Millətlər Liqasında gördük. Əgər ən zəiflər arasında heç nə edə bilmədik. Seçmə mərhələdə isə bu komandalar üstümüzdən tank kimi keçib əzdilər. Bu da gözlənilən idi. Heç kimin xətrinə dəyməsin, amma mən 0 xal düşünürdüm”.

“Baş məşqçi, futbolçular, yoxsa AFFA günahkardır?” sualına Yunisoğlu bu cür cavab verib:

Hazırki durumda hamı günahkardır. Amma günahkar axtarmaq lazım deyil, vəziyyətdən çıxış yolu tapmaq gərəkir. İlk növbədə hər kəs öz işini həvəslə və peşəkarlıqla görməlidir. Futbolçu və məşqçilər meydanda yola verməməlidir. Futbol mütəxəssisləri və funksionerləri meydandan kənarda var gücü ilə işləməlidirlər. Ancaq bizimki sosial şəbəkələrdir. Bir-birimizi pisləmək, özümüzü tərifləmək, boş-boşuna danışmağı yaxşı bacarırıq.

Hamı öz xeyrini güdür, boş-boşuna danışır. Belə gedişlə, futbolumuz heç vaxt qalxmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!