AFFA-nın 10 oyunluq cəzalandırdığı məşqçi - "Bizə qarşı həmişə qərəz olub"

15 Noyabr 2019 17:49 Qalmaqal 958
AFFA-nın 10 oyunluq cəzalandırdığı məşqçi -

"Noyabrın 10-da U-14 liqasında "Masallı" ilə oyuna çıxdıq. Normal oyun gedirdi. Birdən uşaqlar arasında münaqişə düşdü. Onları ayırmaq üçün meydana girdim ki, dava etməsinlər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Xəzər Lənkəran"ın U-14 komandasının baş məşqçisi İqbal Babayev deyib. U-14 liqasının "Masallı" ilə oyununda (2:1) baş verənlərə görə AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılan çalışdırıcı qərarla razı deyil. O bildirib ki, sözügedən qarşılaşmada baş hakimi nə təhqir edib, nə də ona təzyiq göstərib:

"Davadan əvvəl görüşün baş hakimi Kamil Aydınov qapımıza qərəzli penalti təyin etmişdi və ofsayddan vurulan qolu hesaba almışdı. Hər iki halda sakitliyimi qorudum. Ardınca müdafiəçimizə 5 dəqiqə ərzində 2 sarı vərəqə göstərib, meydandan qovdu. Sonra futbolçular arasında mübahisə düşdü. Həm mən, həm də rəqib komandanın baş məşqçisi meydana girib, aranı sakitləşdirdik. Bundan sonra hakim 10 nömrəli oyunçumuz Elmar Məmmədovu yanına çağırıb, qırmızı vərəqə göstərdi. Səbəbini soruşanda "dava edib" dedi. Hətta həmin vaxt "Masallı" komandasının uşaqları da hakimə bildirdilər ki, dava edən başqa futbolçu idi. Hakim heç kimə qulaq asmadı və mənə meydandan çıxmağımı söylədi. Dedim, "baş üstdə". Ardınca mənə də "qırmızı" göstərdi. Gedib, tribunada oturdum.

Oyun qurtarandan sonra uşaqları bir yerə yığıb, təbrik etdim və evə gəldim. Hakimlə heç bir ünsiyyətim olmadı. Sonra saytlarda oxuyuram ki, 10 oyunluq cəza almışam. Yazıblar ki, "Xəzər Lənkəran"ın baş məşqçisi hakimi söyüb, ona fiziki təzyiq göstərdiyi üçün cəzalanıb. Orada kifayət qədər valideyn və məşqçilər var idi. Milyon faiz deyirəm ki, hakimə qarşı heç bir şey etməmişəm. Onu əsəbləşdirən qərarlarına etiraz etməyim oldu. Aqil Hüseynliyə qırmızı vərəqə verib, protokolda başqa futbolçumuzun adını yazıb".

Babayev hakimlərin ona və komandasına qarşı qərəzli mövqe tutduğunu düşünür:

"AFFA ilə danışdım. Soruşdular ki, bu, niyə belə edib? Dedim ki, mən hardan bilim. Rəqib komandanın məşqçisi gəlib, mənim boğazımdan yapışıb. Ona 2 oyun cəza verirlər, mənə 10 oyun. Stadionda elit məşqçilər üçün kameralar qurulub və buna birbaşa Bakıdan baxırlar. Mən də onlara demişəm ki, kamera görüntülərini izləyin. Görün, mən hakimə yaxınlaşmışam?

Ötən mövsüm final mərhələsinə çıxmaq uğrunda Cəlilabadla həlledici oyuna çıxmışdıq. Limiti bəhanə edib, bizə texniki məğlubiyyət verdilər. Nəticədə komanda sındı və cavab oyununda uduzduq. Bizə qarşı həmişə qərəz olub. Çox vaxt oyunlarımıza salyanlı hakimləri təyin edirlər. Onlar da hər zaman mənə qarşı bu cür mövqedə olurlar. Heç birini təhqir etməmişəm, hamısı xasiyyətimə bələddir".

Baş məşqçi məsələnin gələn həftə İntizam Komitəsinin iclasında müzakirə olunacağını dedi: "Hakimlər Komitəsinin üzvü Babək Quliyevlə danışmışam. Məni tanıyır, dedi ki, narahat olma, 1-ci gün AFFA-da bu barədə müzakirə olacaq. Niyə mənə qarşı aqressiv olduqlarını bilmirəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"