"Napoli"nin baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin IV turunun "Zalsburq"la oyunundan sonra keçirilən mətbuat konfransına qatılmayıb.
Sportinfo.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun və komanda üzvlərinin prezident Aurelio De Laurentis ilə aralarındakı narazılıqdır. Belə ki, son turlarda əldə edilən nəticələr klub rəhbərini qane etmədiyindən, o, futbolçulara bazadan çıxmağa qadağa qoyub. De Laurentisin qərarından narazı qalan oyunçular "Zalsburq"la görüşdən sonra bir sıra radikal addımlar atıblar.
Mətbuata danışmayan futbolçular klubun avtobusuna minməyiblər. Onlar şəxsi avtomobilləri ilə bazaya yox, öz evlərinə gediblər. Komanda üzvləri həftəsonu A Seriyasında "Cenoa" ilə keçiriləcək matçın hazırlığında da iştirak etmək istəmirlər. Futbolçular bu yolla klub prezidentinin məlum qərarını boykot etmək fikrindədirlər. Ançelotti də oyunsonrası mətbuat konfransına qatılmamaqla futbolçulara dəstəyini nümayiş etdirib.
UEFA-nın ÇL oyunundan sonra mətbuata açıqlama verməyən baş məşqçi və futbolçulara görə "Napoli"ni cəzalandıracağı gözlənilir.

