"Mançester Siti" və "Barselona"nın sabiq əfsanəsi Yaya Ture FIFA rəhbərliyini sərt tənqid edib.
Sportinfo.az xəbər verir ki, karyerasını Çinin "Qindao Huanxay" klubunda davam etdirən 36 yaşlı veteran futbolda son dönəmlər irqçiliklə bağlı yaşanan xoşagəlməz hadisələrdən danışarkən dünya futbol təşkilatının bu sahədə heç bir ciddi addım atmadığını deyib.
Ture AÇ-2020-nin seçmə qrup mərhələsinin Bolqarıstan - İngiltərə matçında baş verənlərə də münasibət bildirib: "Bu, ayıbdır. Hamı rasizmlə bağlı iradlarını bildirir. Amma FIFA heç bir iş görmür. FIFA-nın nümayəndələri, ümumiyyətlə, bu problemə əhəmiyyət vermirlər. Məni çox narahat edir. Belə məsələlərə ciddi yanaşmaq lazımdır. Bu məqamda futbolçuların meydanı tərk etməsinin tərəfdarıyam".
Xatırladaq ki, Bolqarıstan - İngiltərə görüşü (0:6) məhz azarkeşlərin rasist şüar və hərəkətləri səbəbindən iki dəfə dayandırılmışdı. Hətta ertəsi gün Bolqarıstan Futbol İttifaqının prezidenti hökumətin tələbi ilə istefa vermişdi.

