“Neftçi”nin prezidenti: "Ona 100 dəfə “filan şeyi bir də etsən, səni öldürəcəm” demişəm"

24 İyul 2022 15:00 Qalmaqal 3 741
“Neftçi”nin prezidenti: "Ona 100 dəfə “filan şeyi bir də etsən, səni öldürəcəm” demişəm"

Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanovun bir neçə gün əvvəl Sportinfo.az-a verdiyi müsahibə rezonans doğurub.

Hazırda klubsuz olan forvard vaxtilə yığmanın İsraillə səfər qarşılaşmasında 1:1 hesablı heç-heçəyə görə aldığı 30 min manatın 12 min manatının sonradan AFFA rəsmiləri tərəfindən geri tələb olunduğunu bildirmişdi.

“Berti Foqtsun vaxtında səfərdə İsraillə oynayırdıq. Yadınızdadırsa, hesab 1:1 olmuşdu, qolu da Rahid Əmirquliyev vurmuşdu.

Oynadıq, Bakıya qayıtdıq. Rövnəq Abdullayev sağ olsun, əsas heyətdə meydana çıxanlara 60 min manat mükafat ayırdı.

Ehtiyatda oturduğum üçün mənə 30 min düşürdü. AFFA-ya gəlib sənədə imza atdım, pulu götürdüm, getdim Sumqayıta. O vaxt “Sumqayıt”da oynayırdım.

Üstündən iki saat keçəndən sonra AFFA-dan İslam Abbasov zəng vurdu ki, bəs, yanlışlıq olub, sənə 30 faiz düşür. 60 minin 30 faizi də 18 min edirdi deyə 12 mini qaytarmalıydım.

Dedi, büdcədə çatışmazlıq var, 12 mini qaytarmalısan. Dedim, məndə pul yoxdur, aldığımın hamısını evə göndərdim. Nə isə, söhbət müvəqqəti bağlandı.

Sonra “Sumqayıt”ın o vaxtkı prezidenti Kamran Quliyev gəldi ki, bəs, 12 mini qaytarmasan, səni ölkədən qovacaqlar. Dedim, qovun, pulu evə göndərmişəm”.

Kifayət qədər şübhələrə yol açan müəmmalı hadisə çoxlarına məlum olsa da, səbəbkarın təfərrüata varıb, hadisədə Kamran Quliyevin də adını çəkməsi ortaya sual çıxarır:

“Neftçi”nin hazırkı prezidentini futbolçunu ölkədən qovulmayla hədələməyə kim vadar etmişdi? Futbolçu sənədə imza atıb pulu götürmüşdüsə, niyə geri qaytarmalıydı?

Məlum olayla bağlı müəmmaya Kamran Quliyevlə söhbətdə aydınlıq gətirməyə çalışdıq (sports.az):

“Belə hadisələr o qədər olub ki. Sabah bizim klubda da baş verə bilər. Mühasibatlıqda hansısa mexaniki yanlışlıq olur, bu da ümumi siyahıya təsir edir.

“Excel” proqramında nəyisə silmək istəyirsən, baxırsan ki, siyahı silindi, ya da adların, rəqəmlərin yeri səhv düşdü. Belə hallar olur.

O ki qaldı ölkədən qovulması ilə bağlı dediyimə, ona qalsa Ruslanın özünə bəlkə də 100 dəfə “filan şeyi bir də etsən, səni öldürəcəyəm” demişəm.

Bu o demək deyil ki, onu öldürəcəyəm. Sadəcə, belə bir ifadə var, bəzən böyük kiçiyə ərk edib deyir.

Ruslan o vaxt dəstək verdiyim, xətrini çox istədiyim futbolçulardan olub. Bəlkə də 13 yaşlı övladıma ayırmadığım diqqəti o vaxt ona ayırmışam.

Dediyiniz məsələyə gəlincə, AFFA-dan “Sumqayıt”ın mühasibatlığına zəng vurub yanlışlığın olduğunu demişdilər. Söhbət mənə çatanda Ruslanı yanıma çağırıb, “mükafat bölgüsü düz aparılmayıb, pulu qaytar” demişdim.

Hətta “səni ölkədən qovacaqlar” demişəmsə də, bunu ərk edərək demişəm. Yoxsa kimsə kimisə ölkədən qovsun... İndi kim kimi qovur? Üstündən illər keçib, inanırsınız, detallı yadımda qalmayıb heç”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!