"AFFA-nın verdiyi qərardan şokdayam, hələ də özümə gələ bilmirəm!"

27 Aprel 2022 10:40 Qalmaqal 1 709
"AFFA-nın verdiyi qərardan şokdayam, hələ də özümə gələ bilmirəm!"

"Verilən qərardan həqiqətən şokdayam. Sözün açığı, bu cəzanı heç gözləmirdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında EFA komandasının baş məşqçisi Vüsal Mustafayev deyib.

Məlum olduğu kimi, AFFA İntizam Komitəsi (İK) U-15 liqasında çıxış edən EFA-nın çalışdırıcısı Vüsal Mustafayevi 1 il 6 ay müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.

Qərarda iddia olunur ki, buna mütəxəssisin "Keşlə" (hazırkı "Şamaxı) ilə görüşdəki davranışları səbəb olub. Mustafayev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Baş məşqçi daha sonra dəhlizdə olan zaman hakimləri təhqir edib və fiziki təzyiq göstərib. O, həmçinin valideynləri referilərə qarşı ədavətə və qəddarlığa da vadar edib.

Qarşılaşma yarımçıq dayandırıldığı üçün EFA-ya texniki məğlubiyyət verilib. V.Mustafayev İK-in sərgilədiyi mövqeyin əsassız olduğunu, qərarda göstərilən halların heç birinə yol vermədiyini bildirib:

«Etmədiyim bir hərəkətə görə belə bir cəza almaq… Hələ də özümə gələ bilmirəm.

İntizam Komitəsi birtrəfli qərar çıxarıb. Hadisəni araşdırmayıblar. Hadisənin necə baş verməsi barədə bizim fikrimizi öyrənməyiblər.

Bu cür qərarla birinci dəfədir qarşılaşıram. Onların borcu idi ki, bizi də dinləsinlər. O dərəcədə mədəniyyətsiz deyiləm ki, hakimi vurum.

Həmin adamı təhqir belə etməmişəm. Ona barmağımı da toxundurmamışam, amma İntizam Komitəsi haqqımda bu cür ağır qərar çıxarır.

Hər şey birinci hissənin sonuna yaxın baş verən epizodun üstündə oldu. Dayandığım yerdən gördüm ki, rəqibin cərimə meydançası daxilində penalti oldu, hakim vermədi. Çəkiliş var, onu da AFFA-ya göndərmişik.

Fasilə elan ediləndə, yaxınlaşdım Əkbər Əhmədova. Onunla tanışlığım əvvəldən var idi. Bir ortaq dostumuz var, o, bizi tanış eləmişdi.

Belə deyim, ərk edib, Əkbərə yaxınlaşdım. Meydançanın içinə hardasa 10-15 metr gioib, dedim ki, yoldaş hakim, mənə elə gəlir, bayaqkı epizod penalti idi, siz nə gördüz?

Mədəni şəkildə sual verdim ki, nə əcəb, penalı vermədiz? Fikirləşdim ki, penalti təyin etməməsinin səbəbini normal izah edəcək.

Amma saymazyanalıq elədi, heç bir cavab vermədən yanımdan keçib getdi. Bir də dedim ki, yoldaş hakim, mən sizinləyəm e, sual verdim axı.

Dedi ki, sən məndən heç nə soruşa bilməzsən. Təəccüblə qayıtdım ki, bəs mən kimdən soruşum? Dedi, sən burada məndən heç nə soruşa bilməzsən, «razdevalka»da, stadiondan kənarda soruşa bilərsən.

Bu sözü deyib, mənə qırmızı vərəqə göstərdi. Dedim ki, meydançaya girməyə görə «qırmızı» verən idinsə, elə bayaq verərdin, indi niyə verirsən?

Açığı, yeni qanunu bilmirdim. Yəni meydançaya girməyə görə məşqçiyə «qırmızı» düşməsini sonra öyrənmişəm. Bunu etiraf edirəm.

Dəhlizdə olanda bir də soruşdum ki, «qırmızı»nın səbəbi nədir? Axı heç kimi tənqid və təhqir etməmişəm.

Elə bunu soruşmuşdum, qayıdıb dedi ki, indi formadayam, sonra təkbətək söhbət edərik. Həmin vaxt valideynlər də orada idi, bu sözü eşitdilər.

Cavab verdim ki, fikrin nədir, mənimlə dalaşmaq istəyirsən? O anda üz-üzə gəldik. Tutdu boğazımdan, məni geri itələdi. Söhbət belə getdi.

O, mənə dedi, mən ona dedim… Təhqir olmadı. Mənə deyirdi ki, oyundan sonra çıxıb söhbət edərik, elə edərik, belə edərik. Bu sözləri mənə təsir elədi.

Onu vurmaq fikrim yox idi. Heç vurmadım da. Ondan ancaq sualıma cavab axtarırdı ki, bir az rahatlanım. Əkbər məni qıcıqlandırdı, əlimdən tutub yenə arxaya itələdi.

Halbuki mənə desəydi ki, qardaş, epizodu mən başqa cür gördüm, penaltiyə oxşatmadım, rahat olardım. Amma əvəzində qayıt ki, gözlə, formanı dəyişim, çıxaq söhbət edək, sonra da «qırmızı «ver»…

Mənim yerimə kim olsa, qıcıqlanar. Valideynlər o anda araya girdi, sonra hakimlər otağında klubumuzun rəhbər şəxslərinə də sərt cavablar verdi.

Yalandan deyirlər ki, guya mən valideynləri hakimlərin üstünə qızışdırmışam. Stadiona toplaşanlardan bir nəfərə də o sözü deməmişəm.

Mən orada yalnız öz sualıma cavab axtarırdım. Əkbərin deməyi ki formanı dəyişim, gedək dalaşaq, mənə pis təsir elədi.

Bu söhbət hardasa 5-6 dəqiqə çəkdi. Ondan sonra paltardəyişmə otağına getdim, uşaqlarıma oyunla bağlı tapşırıqlarımı verdim, meydançaya çıxartdım.

Oyunun komissarı orada yox idi, sonradan gəldi. Nə baş verdiyini ona söylədim.

Komissar keçdi hakimlər otağına, sonpa qayıdıb gəlib dedi ki, oyun təxirə düşdü, yekun qərarı İntizam Komitəsi verəcək. O da bax belə".

Digər Xəbərlər
Xəbər Lenti