Mingəçevir "qoçular"ı – Nədir bu, “Kür qırağı söhbəti”? - VİDEO

25 Aprel 2022 17:40 Qalmaqal 1 633
Mingəçevir "qoçular"ı – Nədir bu, “Kür qırağı söhbəti”? - VİDEO

Gözlərimizin nurunu töküb, klavyatura döyəcləməkdən barmaqlarımızı qabar edirik ki, böyük futbol bölgələrə getsin, “Cəbrayıl”la oyunda “Energetik”in 3-5 futbolçusu Binədə, hər kəsin gözü qarşısında qoçuluq edib, hakimi döyür.

Epizoda dəfələrlə baxdım, stadionda olan hal şahidləri ilə danışdım.

Məlum oldu ki, mingəçevirli futbolçuları özündən çıxaran Rövşən Rəcəbovun yanlış qərarları olub.

Hakim “Cəbrayıl”ın qapısına penalti təyin etməyib, lazımi anlarda fitini səsləndirməyib və sair. Buna görə cəngəllik qanunlarını işə salıb, komanda şəklində hakimin üstünə hücum çəkib arxasına təpik atıb, üzünə yumruq vurublar.

Nədir bu? Mingəçevirdə “Kür qırağı”, yoxsa “Probereq” söhbəti”? Azərbaycan futbolunu bu şəkildə gözdən salmağa kim icazə verib sizə?

Oyundan dərhal sonra “instaqram”da futbola dəxli olmayan xəbər səhifələrinin birində həmin görüntülər paylaşılmışdı. Sıravi insanlar, futbolun neçə nəfərlə oynanıldığını bilməyənlər ağzına gələni yazır, Azərbaycan futbolunun “şəninə təriflər səsləndirirdi”.

Bəli, “Energetik”in həmin 3-5 qoçusuna görə futbolumuz gözdən düşür, “Bölgələrdə böyük futbol olmalıdır” deyiminin qarşısına həmin video qoyulur və ən əsası, ölkədə əmin-amanlığın varlığı şübhə altına salınır.

Bu gün restoranda ofisiant, məktəbdə qarovulçu işləyib “Energetik”də pulsuz oynamaqla növbəti mövsümdə Birinci Divizionda maaş almağın xəyallarını quranlar Region Liqasının yarımfinalına yüksəlmək üçün hakimi döyür, ay kişi.

Bəs, sabah Birinci Divizionda çempionluq mübarizəsində hansısa hakim Mingəçevirdə, 4-5 min nəfərin qarşısında səhv edəndə hansı cəza metodundan istifadə edəcəksiniz? Onda da, ya qaldırıb Boz dağdan aşağı atarsınız, ya da ehmalca Kürə buraxarsınız gedər.

Hakimin haqlı və haqsız olması ilə işim yoxdur. Mütləq ki, sistematik səhvlərinə görə qonaqların qəzəbinə tuş gəlib.

Hətta qərəzli olubsa da belə, o şəkildə hücum etmək, gələcəyin xəyallarını futbolla quran gənc və yeniyetmələrin gözləri qarşısında hakimi sillə-təpik altına salmaq yolverilməzdir.

Qol və ayaq gücü göstərmək üçün möhkəm divarlar var. Ən yaxşı üsuldur zərbələri divara endirmək.

Son vaxtlar AFFA-nın başbilənləri böyük futbolun miqyasını genişləndirməyin planlarını cızır. Vaxtilə Lənkəranda yaşanan iğtişaşlardan sonra futbolu bölgələrdən yığışdırmışdılar ki, sakitlik olsun, qan düşməsin, insanlar zombiləşməsin.

Futbolu günü-gündən geri gedir deyə, indi yenidən bölgə futbolunu “diriltmək” həvəsinə düşüblər.

Onlar rayonlar üçün inkişaf planı hazırlayır, siz isə günün günortasında, millətin önündə, həm də Bakıda hakimi “çiləyirsiniz”.

Bu hadisədən sonra AFFA-ya cavabdeh şəxslərin bölgə futboluna can yandırmaq həvəsindən daşındığını görsəm təəccüblənmərəm. Çünki mən də olsam eyni şeyi edərəm.

Sabah Mingəçevirə, Tovuza, yaxud Lənkərana sağ hakim göndərim, üstümə meyiti gəlsin. Cavabını kim verəcək? Altından kim çıxacaq?

Unutmayın ki, bölgə təkcə Mingəçevirdən ibarət deyil. Bölgə deyəndə ağıllara həm də digər şəhər və rayonlar gəlir. Sizin Binədə etdiyiniz isə bütün bölgələr üçün təhlükədir.

Mingəçevirdə futbolun olmasını istəmirsinizsə, imkan verin digər bölgələrdəki azarkeşlər sevinsin.

Həmin görüntüləri bu linə daxil olaraq izləyə bilərsiz:

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"