Region Liqasında hakimi söyən futbolçu: "Onu it balası kimi çırpacaqdım"

12 Aprel 2022 13:20 Qalmaqal 1 169
Region Liqasında hakimi söyən futbolçu: "Onu it balası kimi çırpacaqdım"

AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasında pley-off mərhələsinin "Karvan” - "Ağsu Siti” görüşündə hakim qalmaqalı baş vermişdi.

Yevlaxda keçirilən qarşılaşmanın ilk hissəsində meydan sahiblərinin qapıçısı Amil Orucov hakimə sərt etirazına görə sarı vərəqə alıb.

Bir neçə dəqiqə sonra referi su fasiləsi elan etdikdə qolkiper birbaşa tribunaya qalxaraq, matçın AFFA nümayəndəsi olan Rövşən Əhmədova yaxınlaşıb və matçın hakiminin futbolçuları söydüyünü bildirib.

Söyüşlər oyunun vieoyazısında da açıq-aydın eşidilib. Sportinfo.az xəbər verir ki, Orucov qaynarinfo-ya açıqlamasında baş verənləri belə anladıb:

"Bilirsiniz necədir, hakim oyunu idarə etməli, futbolçu ilə ünsiyyət qurmalıdır. Azdan-çoxdan futbol oynamışam, hakimlər görmüşəm. İndiki hakim-inspektorların bəziləri mən futbol oynayanda oyun idarə edirdilər.

Baş verənlərə gəlincə, kapitanımız Müşfiq adi epizodda hakimə etirazını bildirmiş, topun meydanı rəqibdən tərk etdiyini demişdi. Bu, normal haldır, futbolda hər zaman olur.

Amma etirazdan sonra hakim sözlə futbolçunun üstünə getməyə başladı. Müşfiq ondan aqressivliyinin səbəbini soruşdu.

Gördüm ki, mübahisə edirlər və hakim artıq cızığından çıxır. Özünü neçə ilin peşəkar hakimləri kimi aparmağa çalışır. Özünü məşhur italiyalı hakim Pyerluici Kollina ilə səhv salmışdı.

Yaxınlaşdım, bir neçə dəfə aranı sakitləşdirməyə çalışdım, gördüm xeyri yoxdur. "Sən kimsən, bura nə üçün gəlmisən? Sakitcə oyunu idarə et", - hakimə dedim.

Başladı indi də mənim üstümə gəlməyə. Dedi, "səni tanıyıram filan". Cavab verdim ki, mən futbolu kişi kimi oynamışam, heç kim şəxsiyyətimi təhqir edə bilməz. Sən heç kimsən, hakimlyindən çox futbol oynamışam.

Bu sözlərdən sonra mənimlə söyüşlə danışmağa başladı. Aradan bir az vaxt keçdi, künc zərbəsi zamanı gördüm yenə danışır.

Hazırlaşırdım ki, onu meydançada çırpım. Su fasiləsi oldu, getdim hakim-inspektor Rövşən Əhmədovun yanına, narazılığımı bildirdim.

İstəyir Ronaldo, Messi olsun, hər fubolçu etiraz edir. Əhmədovun yanında hakimi söydüm, videoda da eşidilir. Hakim-inspektora dedim ki, mənə qırmızı vərəqə göstərsə, onu meydançada it balası kimi çırparam.

Məni söyürsə, cavabını da verməliyəm. Futbolda nə oyun "satmışam”, nə də başqa bir şey. Vaxtilə oynadığım "Energetik”i də söz-söhbətlərə görə yarımçıq tərk etmişəm.

Hakim mingəçevirli idi. Dünənki "cücə”dir. Başqa hakimlər də var. Məsələn, Rövşən Əhmədovun oğlu Rəşad elə oyun idarə edir ki, heç kim onun fitinə etirazını bildirmir”.

Qapıçı qalmaqla görə cəzalandırılacağından qorxub-qorxmaması haqda suala belə cavab verdi:

"Cəzalandıran bunu oyunda edərdi. Oyundan sonra elə şey olar? Protokol yoxdur. Olsaydı, bilərdik. Hər şey ilk hissədə olub.

Mənə də həmin vaxt qırmızı vərəqə göstərə bilərdi. İkinci hissədə isə ümumiyyətlə ona heç nə deməmişəm. Hakim işini bacarmır.

O, oyunçuları ələ almalıdır. Kapitan nə üçündür? Onun söz demək, etiraz etmək haqqı var. Özü də ki, Müşfiq hakimə güldən ağır söz deməmişdi.

Sən kimsən ki, futbolçunu təhqir edirsən? Bu, görünməmiş hadisədir. Əslində başqa cür də ola bilərdi. Oyundan sonra hakimin yanına getmək istəyirdim, amma Əhmədov məni saxladı.

Ona olan hörmətimə görə fikrimdən vaz keçdim. Yoxsa, Allaha and olsun, onu Yevlaxda it balası kimi çırpıb göndərəcəkdim”.

Amil futbolçulara pul verilməməsini və çempionatda təmənnasız oynadıqlarını da dedi:

"Karvan” pulsuz-parasız komandadır. Camaat öz cibinin pulu ilə oyuna gedir. Bizə bir qəpik pul verən yoxdur. Heyətdə cəmi 4 nəfər peşəkar şəkildə oynamış futbolçu var.

Qalanlarından kimisi taksi sürür, kimisi "pajarnı”da işləyir, kimisi bazarda meyvə satır, dükanda çalışır, mühafizəçi kimi fəaliyyət göstərir. Kimisi dönər satır.

Bizə nə AFFA-dan, nə də başqa yerdən pul verən var. Bütün yarışlara şəxsi avtomobilimlə getmişəm, yanımda da 5-6 nəfər aparmışam. Yeməklərini də özüm almışam.

Təmənnasız futbol oynayırıq. Bizim üçün futbol sadəcə hobbidir. İkinci bir işdir. Konkret məşq etmədən meydana çıxmışdıq.

Bu vəziyyətdə belə "Ağsu Siti”ni çətin vəziyyətə salmışdıq”.

Pley-off mərhələsinin ilk oyununda "Ağsu Siti” 2:0, cavab görüşündə isə "Karvan” 1:0 hesabı ilə qalib gəlib. Nəticədə "Ağsu Siti” 1/4 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti