“Qarabağ”ın məğlub olmasına sevindik” – “Neftçi”lidən səmimi etiraflar!

21:20 Neftçi 302
“Qarabağ”ın məğlub olmasına sevindik” – “Neftçi”lidən səmimi etiraflar!

“Neftçi”nin uğurlu çıxışında Viçko Şevelin danılmaz əməyi var.

Qol vurmur, qol ötürmələri vermir, lakin meydanın mərkəzində “işlək mexanizm” rolunu oynayır.

Şotlandiya Premyer Liqasından – “Dandi”dən gələn xorvatiyalı yarımmüdafiəçi həm “ağ-qaralar”, həm də Azərbaycan futbolu üçün qazanc hesab olunr.

Viçkoy “Kəpəz” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra Sportinfo.az-a verdiyi müsahibədə suallara aydınlıq gətirib.

- Paltardəyişmə otağında ab-hava necəydi?

- Pozitiv atmosferə şahidlik etdim. Hamımız kollektiv olaraq 3 xalın dadını çıxarmağa çalışdıq. Birinci pillədəki yerimizi qorumaq üçün bu qələbə bizim üçün çox vacib idi. Layiqli oyunla layiqli qalibiyyət qazandığımızı deyə bilərik. Qolların sayı çox ola bilərdi. Lakin önəmli olan 3 xaldır. Milli fasiləsindən sonra yolumuza bu şəkildə davam etməyə çalışacağıq.

- “Kəpəz”in qarşısında bu cür çətinliklə üzləşəcəyinizi təxmin edirdiniz?

- Əlbəttə. Rəqib komandanın bir oyun az keçirməklə 9 oyunda 17 xal toplaması mühüm göstəricidir. Bu, onların gücündən xəbər verir. Təhlillər zamanı “Kəpəz”in güclü tərəflərini görmüşdük. Sürətli və əzmkar komandadır. İndiyə qədər keçirdikləri matçlarda bəzi iddialı komandaları məğlub edib, yaxud heç-heçə oynayıb. Odur ki, gedişat məni təəccübləndirmədi.

- “Qarabağ”ın “Turan Tovuz”a məğlub olması motivasiyanın dozasını artırmışdı?

- Əlbəttə! Həmin oyunda qeydə alınan nəticə bizi qələbəyə kökləmişdi. “Qarabağ”ın məğlub olmasına sevindik, amma eyni zamanda “Turan Tovuz”un bizə çatmaq şansı yaranmışdı. “Kəpəz”ə məğlub olsaydıq, xal sayı bərabərləşəcəkdi. Əzmkarlıq göstərərək buna imkan vermədik.

- Bazar günü “Sabah” “Neftçi”nin çətinliklə məğlub etdiyi (3:2) “Şamaxı” ilə üz-üzə gələcək. Hansı komandanın qələbəsini arzulayacaqsan?

- İlk pillədəki yerimizi qorumaq və çempion olmaq istəyiriksə, təbii ki, “Şamaxı”nın qalib gəlməsini istəyirəm.

- Çempionluq demişkən, bu yolda əsas rəqib qismində “Sabah”ı görürsən, yoxsa bu mübarizədə “Qarabağ” da var?

- İndidən bu barədə danışmaq üçün tezdir. Qarşıda iki dövrə var, üstəlik, komandalar arasındakı xal fərqi çox deyil. Üç komandanın adını çəkdiniz, gəlin, “Turan Tovuz”u da unutmayaq. Həqiqətən çox yaxşı komandadır. Bizimlə heç-heçə oynadılar, “Qarabağ”, “Sabah” və “Zirə”ni məğlub etdi. Fikrimcə, iddialı komandalar arasında maraqlı mübarizə və çempionat izləyəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti