Gəlin-gəlin, Premyer Liqada yel əsir, qoz tökülür

20 İyul 2024 19:40 Problem 2 080
Gəlin-gəlin, Premyer Liqada yel əsir, qoz tökülür

Bilmirəm kimdir, amma yüz faiz kimsə ölkə xaricində oynayan azərbaycanlıları aldadıb ki, Azərbaycanda bu il babat yel əsib, qoz tökülüb.

Bir-bir qayıdırlar qoz yığmağa.

Ötən ilin yayında bizimkilərin Avropaya və qonşu Türkiyəyə kütləvi axınına şahidlik edəndə sevinmişdik. Millinin iştirak ərizəsi açıqlananda adam qürur duyurdu. Zarafat deyil, 10-a yaxın futbolçu xarici klublardan gəlirdi.

Bir anda nə baş verdisə, kim onlara nə dedisə, bir-bir qayıtmağa başladılar. Musa Qurbanlı İsveçdən döndü, Bəxtiyar Həsənalızadə, Ramil Şeydayev, yekunda Şahruddin Məhəmmədəliyevin Türkiyə karyerası başa çatdı.

Əlbəttə, Azərbaycanda evin içində, öyrəşdiyin mühitdə oynamaq və qazanmaq daha asandır. Təzyiq yox, məsuliyyət yox, futboldur da, oynayırsan özün üçün.

Xaricdə elə deyil axı. Azarkeş istədiyini ala bilməyəndə basıb legionerin gözünü çıxardır. Ən pis halda baş məşqçini çarmıxa çəkirlər ki, bəs, bu nə legionerlərdir tapıb gətirmisən?

Azərbaycanlı və illərini Azərbaycanda keçirən Şahruddin kimi “azərbaycanlılar”ın bacarığı ölkə hüdudlarından kənarda nəsə etməyə imkan vermir.

Onların yeri elə doğma diyardır. Anton Krivotsyuk xalis ukraynalı olmasaydı, damarından bir qram da olsa Azərbaycan qanı axsaydı, inanın, o da çoxdan qayıdıb gəlmişdi.

İndi vətəndən qıraqda 3-5 nəfər qalıb, onların gül camalını da ən pis halda gələn il Azərbaycan çempionatında görəcəyik.

Görünür, onların qoz söhbətindən xəbərləri yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı