Elit kateqoriyalı hakimlər üçün fiziki hazırlıq məşqləri start götürüb.
Çalışmalar harda keçirilsə yaxşıdır?
Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzinin meydançasında.
Qəribədir, deyilmi?
Futbol üzrə milli komandalar üçün Mərdəkanda inşa edilmiş dəbdəbəli Təlim-Məşq Mərkəzi və ərazisində bir neçə futbol meydançası varkən, futbol hakimləri niyə Cüdo Federasiyasına sığınmalıdır?
Deyək ki, Mərdəkanda hazırda başqa komandalar məskunlaşıb, yaxud hansısa səbəblərdən orada hazırlıq keçmək mümkün deyil. Bəs, “Neftçi Arena”, “ASCO Arena”, “ASK Arena”?
Həqiqətənmi paytaxtda hakimlərin hazırlıq keçməsi üçün futbol meydançası yoxdur?
Təəccüb doğuran məqama aydınlıq gətirmək üçün AFFA-nın mətbuat katibi Elnur Məmmədli ilə əlaqə saxlayıb suala aydınlıq cavab tapmağa çalışdıq:
“Öncədən nəzərdə tutulan plana əsasən hakimlər hazırlığı Bakı Olimpiya Stadionunda keçməliydi. Lakin COP 29-a hazırlıq məqsədi ilə BOS-dakı məşq meydançaları sökülüb.
Digər stadionlara gəlincə, məşqlər səhər saatlarına təyin olunur ki, həmin saatlarda stadionlarda aşağı yaş qruplarından ibarət komandaların məşqləri təşkil olunur.
Münasib yer olmadığına görə, məcburiyyətdən bu addım atılıb”.
Son illər Azərbaycanda infrastrukturun yaxşılaşdırılması yönündə milyonlar xərcləndiyi halda, hakimlərin məşqləri üçün meydança tapılmamasına hansı ad vermək lazım gəldiyini özünüz başa düşün.
HƏBİB

