COP29

“Ermənistan bu işlərə görə Azərbaycandan icazə almalıdır”

17 May 08:10 Problem 1 113
“Ermənistan bu işlərə görə Azərbaycandan icazə almalıdır”

“Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan dövlətindən icazə alsın”.

Bunu “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritəninin təqdimat mərasimində deyib.

O, Ermənistanın coğrafi baxımdan Azərbaycan ərazisindən keçən Kür və Araz çayların yuxarı hövzəsində yerləşməsinə diqqət çəkib: “Kür və Araz çaylarının yuxarı və orta axın hissələrindəki qolları olan Pəmbək (Debed), Abarançay, Zəngiçay, Vediçay, Arpaçay, Mığrıçay, Oxçuçay və Bazarçay hövzələrində Ermənistanın mədən sənayesi işləri Azərbaycan ekologiyasına zərbə vurur. Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan dövlətindən icazə alsın”.

“Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov isə tədbirdə çıxışı zamanı söyləyib ki, dəfələrlə edilmiş çağırışlara baxmayaraq, Ermənistan hökuməti və bu ölkədə dağ-mədən işləri görən xarici şirkətlər gördükləri işlərə dair Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərini təqdim etmir, gizlədirlər:

“Biz bu sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edirik. “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritədə müəssisələrin necə yerləşməsinə baxmaq kifayətdir ki, problemin qlobal miqyası aydın olsun”.

Geologiya və Geofizika İnstitutunun Dinamik geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Tələt Kəngərli “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin ərsəyə gətirdiyi kartoqrafik əsəri yüksək qiymətləndirib: “Xətirə materialın zənginliyi ilə səciyyələnir və əhəmiyyətli məlumat bazasıdır”.

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin geoloji məsələlər üzrə müşaviri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayevin sözlərinə görə, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən müəsissələrindən atılan zərərli kimyəvi maddələr transsərhəd suları vasitəsi ilə axıdılaraq Araz və Kür çayları vasitəsi ilə Xəzər dənizinə tökülür. Bu isə ekoloji fəsadların miqyasını daha da artırır:

“Ermənistan Respublikası ərazisini şərti olaraq 4 iri “filiz-mədən rayonu”na ayırmaq olar: Qacaran-Qafan, Mehri-Leyvaz, Zod-Сermuk/Amulsar, Alaverdi-Ağtala. Təkcə onu demək kifayətdir ki, Qacaran yatağında illik emal gücü 12.8 milyon ton filizdir. Burada kükürd tərkibli atıqlar ətraf mühit üçün təhlükədir. Qafanda isə illik emal gücü 50-65 min unsiya qızıldır. Burada isə kimyəvi maddə kimi flotasiya reagenləri tətbiq edilir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, “Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədr müavini Amin Məmmədov Ermənistan hökumətindən tələb edib ki, Cənubi Qafqazda ekologiya və səhiyyə böhranı yaradan dağ-mədən sənayesi müəssisələrinin qapılarını ekoloji monitorinqlər üçün açsın: “Biz Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edirik, Ermənistandan ətraf mühitə ziyan vuran fəaliyyəti dərhal dayandırmalı, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti