Bugünlərdə FİFA-nın dəstəyi ilə Daşkənddə türkdilli ölkələrin – Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Macarıstan futbol federasiyalarının rəsmi şəxsləri arasında görüş keçirilib.
AFFA-nın baş katibi Sərxan Hacıyevin də iştirakıyla futbolun inkişafı istiqamətində müzakirələrin aparıldığı görüşdə Asiya Futbol Konfederasiyasının və UEFA-nın nümayəndələri də iştirak edib.
Toplantıda milli komandalar, klublar arasında beynəlxalq yarışların təşkili perspektivləri müzakirə olunub. Həmçinin futbol mütəxəssislərinin, məşqçilərin, hakimlərin qarşılıqlı inkişafı, işbirliyinin qurulmasının vacibliyi qeyd olunub.
AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi, hazırda FİFA-nın Paris ofisində çalışan Elxan Məmmədov da Özbəkistan paytaxtına səfər edib.
Amma onun burada Sərxan Hacıyevlə ayrıca görüşü olmayıb. Tərəflər bir-birinə «quru» salam verməklə kifayətləniblər.
Bu da münasibətlərin korlanmasının əlaməti sayılmalıdır. Futbol klubarlarında belə söhbətlər xeyli müddətdir dolaşır.
E.Məmmədov ötən ilin mayında Bakıdakı iş yerini Parisə dəyişəndən sonra keçmiş müavini ilə arası dəyib. Onu özündən çıxaran əsas səbəb verdiyi qeyri-rəsmi göstəriş və tapşırıqları Hacıyevin yerinə yetirməkdən imtina etməsidir.
AFFA-nı Parisdən idarə eləməyin mümkün olmaması reallığı E.Məmmədovu qeyzləndirib və bununla heç cür barışa bilmir.
SPORTİNFO.AZ

