Premyer Liqaya qayıtmaq istəyən bölgədə stadion problemi: Nə vaxt həll ediləcək? - FOTOLAR

1 Aprel 2023 01:50 Problem 751
Premyer Liqaya qayıtmaq istəyən bölgədə stadion problemi: Nə vaxt həll ediləcək? - FOTOLAR

Mövsümün yekunlarına əsasən bir komanda Premyer Liqanı tərk edəcək və I Diviziondan bir klub elitaya yüksələcək.

Sportinfo.az xəbər verir ki, aşağı dəstədə çempionluğa əsas namizəd “Araz Naxçıvan”dır. Muxtar Respublika təmsilçisi Divizionda vahid liderdir.

İdman prinsiplərindən əlavə, kuluarlarda gəzən söhbətlərə görə, klub mövsümün əvvəlindən elitaya hazırlanır.

Düzdür, bir müddət maliyyə ilə bağlı problem olsa da, sonradan bu, aradan qaldırıldı. Hazırda klub normal fəaliyyətini davam etdirir. Ancaq indi də ortaya başqa problem çıxıb.

Söhbət Naxçıvan şəhər stadionunun durumundan gedir. Növbəti mövsüm hətta I Divizionda iştirak etmək istəyən klubların qarşısına öz stadionunun normal vəziyyətdə olması tələbi qoyulacaq.

Premyer Liqaya hazırlaşan “Araz Naxçıvan”da isə arenanın ot örtüyü bərbad vəziyyətdədir. Əlbəttə, əgər buna ot örtüyü demək olarsa...

Meydanın bir çox yerində qazondan əsər-əlamət qalmayıb. Bununla belə, komanda rəqiblərini orada qəbul edir. Məşqlərini isə başqa yerdə keçirir.

Ot örtüyünün bu vəziyyətə düşməsi istismar müddətini başa vurması ilə əlaqələndirilir.

Digər tərəfdən, Naxçıvanın kəskin kontinental iqliminin - qışın sərt, yayın çox isti keçməsinin mövcud vəziyyətin yaranmasında birbaşa rolu var.

Üstəlik, örtüyün digər stadionlarla müqayisədə keyfiyyətsiz olması, baxımsızlığı havalar mülayim olanda normalaşmasına, qalan zamanlarda pis vəziyyətə düşməsinə səbəb olur.

Klub məsələyə həll yolu tapıb. Arenadakı problem yaxın gələcəkdə yoluna qoyulacaq. Təbii örtüyün “əziyyəti çox olduğundan” süni qazona keçiləcək.

Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov oxu.az saytına açıqlamasında bildirib ki, yaxın zamanda bu məsələyə tam aydınlıq gələcək:

“Təbii ot örtüyünün bu hala düşməsi istismar müddətini başa vurması ilə əlaqədardır. Məsələ gündəmdədir. Yaxın bir həftə ərzində bununla bağlı yekun qərar veriləcək. Təbii örtüyün süni örtüklə əvəzlənməsi planlaşdırılır”.

Naxçıvan stadionunun yararsız halda olduğu aşağıdakı fotolardan bəlli olur. İlk şəkil keçən ilin mayına, digərləri yaxın vaxtlara aiddir. Bir ildən az müddətdə ot örtüyü bu hala düşüb.

Digər Xəbərlər
Xəbər Lenti