Xankəndidə qarşıdurma şiddətlənir

4 Fevral 2023 02:30 Problem 568
Xankəndidə qarşıdurma şiddətlənir

Artıq 53 gündür ki, Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Xankəndi-Laçın-Gorus yolunda aksiya keçirir.

Bu müddətdə ermənilər artıq Laçın yolundan qanunsuz istifadə edə, silah-sursat daşıya bilmir.

Onlar dərk edir ki, Azərbaycan separatçıları neytrallaşdırmaqda aciz deyil, bunu nəinki silahlı antiterrorla, hətta dinc antiterror kimi qiymətləndirilən aksiya ilə həyata keçirə bilir.

Ermənilər başa düşməyə başlayır ki, Xankəndidə və sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə yaşamaları üçün Azərbaycanın qanunlarına, tələblərinə əməl etmələri mütləqdir. Düzdür, erməniləri Azərbaycana qarşı qaldırmaq, separatçı kartından istifadə etmək istəyən xarici güclər vəziyyətin stabilləşməməsi üçün əllərindən gələni edirlər. Ancaq bu, sonunda ermənilərin fəlakətə düçar olması ilə nəticələnir. Məsələn, Ruben Vardanyanın da qəfildən Xankəndidə peyda olması və radikal kurs götürməsi bu planın tərkib hissəsi idi. Azərbaycan Vardanyanla heç bir müzakirə aparmaq niyyətində olmadığını bəyan etdi. Mahiyyət etibarı ilə olan ermənilərə oldu: Vardanyan onları daha da ağır duruma salır. Hazırda Xankəndidə ermənilər ikiyə bölünüb. Bir hissəsi Vardanyanın “dövlət naziri” postundan istefasını tələb edir, digərləri bir qism isə onun yalanlarına inanmaqda davam edir. Beləcə, Laçın yolundakı aksiya ilə “şeytan yuvası”nda istədiyimizə qismən nail ola bilmişik. Artıq vəziyyət belədir ki, Araik Arutyunyan Moskvaya gedib, Azərbaycanla anlaşmaq üçün Rusiyanın vasitəçiliyini xahiş edir.

Ermənistan mətbuatı bununla bağlı detalları açıqlayıb. “Hraparak” qəzeti Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanla qondarma “dövlət naziri” Ruben Vardanyan arasındakı münasibətlərdəki gərginliyin davam etdiyini bildirir.

“Əldə etdiyimiz məlumata görə, vəziyyət o qədər ciddiləşib ki, Araik Arutyunyan Rusiya sülhməramlılarının vasitəsilə Moskvaya gedib. Səfərin məqsədi siyasi vəziyyətin həlli yollarını tapmaqdır”, - deyə “Hraparak” yazır. Məlumatda o da qeyd olunur ki, A.Arutyunyan Moskvaya təklif edəcək ki, Rusiya Qarabağdakı sülhməramlıları vasitəsilə qondarma rejimin “növbədənkənar seçkilər” keçirməsinə zəmanət versin və ya onunla Ruben Vardanyan arasında seçim etsin. “Çünki o, əmindir ki, Vardanyan "dövlət naziri vəzifəsi"ndə qaldıqca, azərbaycanlılar yolu açmayacaq", - nəşrin məqaləsində qeyd edilir: “Son günlər Arutyunyan və Vardanyan Qarabağ erməniləri ilə ayrı-ayrılıqda görüşlər keçirməkdədirlər. Tərəflərin sanki seçki kampaniyasına başladıqları görüntüsü yaranıb. Arutyunyanın bu görüşlərdə Azərbaycanla danışığa getmək üçün erməni əhalidən dəstək istədiyi bildirilir. ”Biz azərbaycanlılarla görüşlər keçirməliyik, təbii ki, rusların vasitəçiliyi ilə", - deyə Arutyunyan mülki ermənilərə bildirib. “Arutyunyan bilmək istəyir ki, sabah azərbaycanlılarla görüşsə, Qarabağ erməniləri onun satqın olduğunu deməyəcəklər ki...”, - deyə “Hraparak” qeyd edib. Məqalədə separatçıların bölgədə təkləndiyi vurğulanıb, Şuşada imzalanmış “Türkiyə-Azərbaycan bəyannaməsi” xatırladılıb və qeyd edilib ki, Azərbaycana qarşı yeni müharibə Türkiyəyə qarşı müharibə deməkdir. “Hraparak” yazır ki, Ermənistan hakimiyyəti separatçıları Bakı ilə birbaşa danışıqlara getməyə məcbur edir və açıq şəkildə deyir ki, “biz sizin yerinisə bir daha danışıq aparmayacağıq”.

Ruben Vardanyan isə Azərbaycanın tələblərinin yerinə yetirilməsinin əleyhinədir, o hesab edir ki, hər gün yeni tələblər irəli sürülə bilər. “Biz nəyin bahasına olursa-olsun müqavimət göstərməliyik”, - deyə Vardanyanın keçirdiyi görüşlərdə mülki erməniləri mübarizəyə inandırmağa çalışdığı bildirilir: “İndi Qarabağda Rusiya rəhbərliyinin cavabını səbirsizliklə gözləyirlər, Moskva kimə üstünlük verəcək, Araik Arutyunyana, yoxsa Ruben Vardanyana? Azərbaycanla birbaşa dialoq, yoxsa sərt qarşıdurma?..”

Faktiki olaraq Qarabağ erməniləri indi seçim qarşısındadır: 3 yolları var: ya Azərbaycanın qanunlarına tabe olaraq yaşayacaqlar, ya köçüb gedəcəklər, ya da Vardanyanın fitvasına uyub təxribatlara can atacaqlar, bu isə onların məhvi, antiterror əməliyyatının başlaması deməkdir. Ermənilər hansı yolu seçəcək? Rusiya və Fransa onlara hansı yolu göstərəcək? Revanşa məcbur edə bilərlərmi və bunun yekunu nə olar?

Digər Xəbərlər
Xəbər Lenti