“Paşinyan Ermənistanı tam çökdürmək istəyir” - Baş nazirə erməni ittihamı!

2 Dekabr 2022 13:50 Problem 332
“Paşinyan Ermənistanı tam çökdürmək istəyir” - Baş nazirə erməni ittihamı!

10 noyabr üçtərəfli bəyanatın imzalanmasından 2 ildən artıq vaxt ötsə də, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir.

Ümumiyyətlə, bu bəyanata yalnız Azərbaycan əməl edir, verdiyi sözü tutur.

Ermənistan və Qarabağdakı qondarma rejim isə əksər bəndlərin icrasından imtina edir. Buraya xüsusilə qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması, Azərbaycanın icra strukturlarına tabelik və sair aiddir.

Rusiya sülhməramlıları isə qanunsuz birləşmələrin mövcudluğuna, onların mütəmadi olaraq təxribatlar törətməsinə göz yumur. Üstəlik, Qarabağda MÜVƏQQƏTİ yerləşdirilmiş Rusiya hərbi kontingenti davamlı şəkildə Azərbaycan vətəndaşlarının heysiyyətinə toxunan açıqlamalar yayır. Sonuncu halda yayılmış günlük bülletendə Azərbaycanın Şuşa istiqamətindən “Dağlıq Qarabağın hərbi birləşmələrinin postunu” (?!) atəşə tutduğu barədə sərsəm açıqlama yayılıb. Eyni zamanda əvvəlki qaydada milli toponimlərimiz erməniləşdirilmiş formada təqdim olunub. Azərbaycan Müdafiə Nazirliyi isə cavabında “Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur”, deyə bildirib. Qeyd olunub ki, Azərbaycan ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR. “Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və bu çağırışımıza əməl olunacağına ümid edirik. Bundan başqa, ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik. Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müavafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR". Məlumatda daha sonra deyilir: “Sülhməramlı kontingentin həmin məlumatda qeyd etdiyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur, tamamilə yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik”.

Belə bir durumda təbii ki, Azərbaycanın səbri sonsuzadək davam edəsi deyil və dövlətimiz, heç şübhəsiz, adekvat tədbirlər görəcək. Proseslərin gedişi göstərir ki, artıq bu adekvat tədbirlərin reallaşdırılması an məsələsidir. Ermənilər özləri də bunu anlayırlar və təşvişlərini gizlətmirlər. Məsələn, Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan həyəcan təbili də çalıb, dolayısı ilə Ermənistan hakimiyyətinin pozuculuğunu etiraf edib: “Hər şey öz axarı ilə gedirdi. Hadisələr İrəvanda Rusiya Prezidenti Vladimir Putinin də yer aldığı KTMT sammitində Ermənistan Baş naziri Nikol Paşinyanın yekun sənədlərə qol çəkməkdən imtina etməsindən sonra dəyişdi. Kreml bu dəfə İrəvanı cəzalandırmaq qərarına gəlib. Hər şey Ermənistanın tam olaraq dövlətçiliyinin bitməsi ilə başa çata bilər. Yaxın zamanlarda Azərbaycan Ordusu üçtərəfli bəyannamənin bütün bəndlərinin icrasını geniş bir hərbi əməliyyat nəticəsində həll edəcək. Buna artıq Kreml də göz yumacaq, KTMT də. Çünki KTMT-nin köməyindən İrəvan özü imtina etdi. Özü özünün qəbrinin ağzını açdı. Hər şey çox tez baş verəcək. İrəvan özünə gələnə qədər Azərbaycan Ordusu bütün qoyulan tapşırıqları yerinə yetirəcək”.

Levon Zurabyan urges Azerbaijan to respect fundamental principles of  international law in PACE | ARMENPRESS Armenian News Agency

Levon Zurabyan: “Yaxın zamanlarda Azərbaycan Ordusu üçtərəfli bəyannamənin bütün bəndlərinin icrasını geniş hərbi əməliyyat nəticəsində həll edəcək”; Azərbaycanın tanınmış ekspertlərindən şok xəbərdarlıq...

Beləliklə, Ermənistanda da bir çoxları artıq anlayırlar, bilirlər ki, üçtərəfli bəyanatın tələblərinə əməl etməmək onların sonunu gətirə bilər. Və faktiki olaraq Paşinyanı bu öhdəliklərə əməl etməməklə Ermənistan dövlətçiliyinin sonunu gətirməkdə suçlayırlar. Buradan çıxan iki nəticə var: Birincisi odur ki, Ermənistan Rusiya ilə birgə razılaşmış variantlardan məhz Qərbin təsiri ilə imtina edir, KTMT yardımını belə rədd edir. İkincisi nəticə isə odur ki, Zurabyanın timsalında bütün erməni siyasi cameəsi Azərbaycanın onları sülhəməcburetmə, yaxud təmizləmə əməliyyatlarına başlayacağını dəqiqliyi ilə başa düşürlər və bundan xüsusi narahatdırlar. Çünki həm 44 günlük Vətən müharibəsində, həm də 12-14 sentyabr əməliyyatları zamanı onlara elə dərs verilib ki, hələ də Azərbaycan ərazilərindən meyitlərini yığıb qurtara bilməyiblər. Başa düşürlər ki, növbəti dəfə lap ağır cəzalana bilərlər. Qeyd edilənlərin fonunda görünən budur ki, hazırda çox həssas və bir qədər də mürəkkəb durumdur, separatçıların davam edən və son günlər intensivləşən təxribatları da təsadüfi deyil, məqsədlidir. Ermənistan faktiki olaraq Azərbaycanı antiterror əməliyyatlarına başlamağa çağırır. Bunun hansı nəticə və effekt verəcəyi barədə ekspertlərimizin maraqlı mülahizələri var.

Arzu Nağıyev: Ermənistanda seçki öncəsi siyasi böhran daha da dərinləşəcək  - AZƏRTAC

Arzu Nağıyev: “Vardanyanı Qarabağa göndərən Rusiya çalışır ki, bölgədə gərginlik daha da artsın”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, doğrudan da artıq Ermənistan siyasi elitası və vətəndaşı da başa düşür ki, sülhəməcburetmə o qədər də uzaqda deyil: “Məhz buna görə də çoxları artıq həyəcan təbili də çalır. Bilirlər ki, nə Qərb, nə də Rusiya bu dəfə onlara sahib çıxmayacaq. Çünki riyakar siyasət aparan Ermənistan rəhbərliyi cidd-cəhdlə regionda sülhün bərqərar olmasına ancaq mane olur. KTMT sammitində Ermənistan baş naziri Nikol Paşinyanın yekun sənədlərə qol çəkməkdən imtina etməsi Rusiyanın demək olar ki, "səbir kasasını daşdırıb" və əvəzində Rusiya sülhməramlılardan da istifadə edərək “Vardanyan oyunu” oynayır. Qərb isə buna mane ola bilmir, çünki Rusiya ilə bu istiqamətdən də qarşıdurma yaratmaq istəmir. Əksinə, Qərb Paşinyan vasitəsilə Rusiyanı regiondan uzaqlaşdırmağa çalışır. Buna baxmayaraq, eyni zamanda revanşist proseslər Ermənistandakı daxili siyasətdən qaynaqlanır. Belə ki, Köçəryan və onun komandasının aktivləşməsi, Vardanyanın “iş başına” gətirilməsi burada həlledici rol oynayır". A.Nağıyevin sözlərinə görə, Ermənistanın havadarları, xüsusilə Vardanyanı Qarabağa göndərən Rusiya çalışır ki, bölgədə gərginlik daha da artsın: “Azərbaycanın vəziyyəti stabilləşdirmək üçün irəli sürdüyü 5 təkliflə razılaşmamaq üçün ermənilər cidd-cəhdlər edirlər. Digər məsələ sülhməramlı qüvvələrin öz üzərilərinə düşən missiyanı tam yerinə yetirməməsidir. Son zamanlar rusların Azərbaycan toponimlərini erməni adları kimi göstərməsi, eyni zamanda Ermənistan ərazisindən hərbi texnikanın daşınmasına nəzarət etməsi kimi məlumatlar var. Bu və ya digər şəkildə kiməsə kömək etmək rus sülhməramlısının vəzifə öhdəliyi deyil”. Millət vəkilinin sözlərinə görə, onlar gözəl başa düşür ki, sülh müqaviləsi imzalanan kimi ərazidən çıxarılacaqlar: “Odur ki, mandatlarının müddətini uzatmağa cəhd göstərirlər. Bununla da 10 noyabr, Brüssel, Soçi danışıqlarının ruhuna zidd addımlar atılır. Həqiqətən də belədir ki, hazırda çox həssas və bir qədər də mürəkkəb durumdur, həqiqətən də separatçıların davam edən və son günlər intensivləşən təxribatları da məqsədlidir. Həm Qərb, həm Rusiya başa düşməlidirlər ki, söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir və burada hansısa güzəştdən söhbət belə gedə bilməz. İllərlə BMT qətnamələrini yerinə yetirməyən Qərb və ya Rusiya anlamalıdırlar ki, 44 günə bunu yerinə yetirən bir dövlət yerdə qalan tör-töküntünün də məsələsini çox az bir müddətə həll etmək iqtidarındadır. Amma humanistlik nümayiş etdirərək, insan itkisinin olmaması naminə bunu etmir və dözümlülük nümayiş etdirir. Bundan isə sui-istifadə etmək olmaz. Hər şeyin bir sonu var və bunu da görəcəyik”.

Qafar Çaxmaqlı: “Qarabağın işğaldan azad olunmamış hissəsi bir barıt çəlləyidir və Azərbaycan dövlətinin təhlükəsizliyinə təhdiddir”

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı isə hesab edir ki, 44 günlük savaşdan sonra Ermənistanda anti-Rusiya fəaliyyətlərinin təməli atıldı: “Buna qədər ermənilər Rusiyanı haqlı-haqsız həmişə arxalarında görmüşdülər. Onlar bu düşüncədə idilər ki, Azərbaycan torpaqlarının işğalında rolu olan Rusiya bu işğalın davam etməsinə də yardım edəcək. Amma bölgədə dəngələr dəyişdiyindən müttəfiq Rusiya bunları edə bilmədi və başını çəkdiyi KTMT-ni də bu işə qarışmağa qoymadı. Həm Ermənistanın daxilindəki radikal güclər, həm də xaricdəki erməni təşkilatları Paşinyanı devirmək fonunda hakimiyyətə gətirəcəkləri adamın məhz qərbyönümlü olması üçün çox çalışdılar və devrilməsi mümkün olmadıqda Paşinyanın özünü belə antirus siyasətə sürükləməyə başladılar. Rusiya-Ukrayna müharibəsinin nəticələrinin Rusiyanın xeyrinə olmayacağıını düşünən erməni cəmiyyəti və hakimiyyəti yeni müttəfiqlər arayışı ilə yola çıxdı. Artıq ermənilərin Fransa, İran və Hindistan kimi müttəfiqləri mövcuddur deyə bilərik. Bunlar Rusiyanı əvəz edə bilərmi? Erməni cəmiyyəti buna arxayın deyil, amma başlanılan qərbyönlü siyasəti davam etdirir və bu da istər-istəməz Rusiyaya qarşı bir fəaliyyətə dönüşməkdədir. KTMT-nın yekun bəyanatına Paşinyanın imza atmaması Qərbin ona verdiyi cəsarətdir və erməni diasporundan da səslənən fikirlər və dəstək Ermənistanı cəsarətləndirir. Onlar düşünürlər ki, Ermənistanı Rusiyanın caynağından qoparmaq mümkün olacaq. Amma bu, elə də asan iş deyil, Ermənistan iqtisadiyyatının böyük bir bölümü, enerji, dəmir yolu və başqa strateji sahələr Rusiyanın mülkiyyətidir, Rusiyanın hərbi maraqları, bazanı hələ demirik. Bölgədəki durum Ermənistanın müttəfiqlərinin arzuladıqları istiqamətdə getmir. 10 noyabr 2020-ci il üçtərəfli bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi Azərbaycanın haqlarını almağa güc tətbiq etməklə nail olacağı qənaəti yaradır”. Q.Çaxmaqlı əminliklə qeyd etdi ki, antiterror əməliyyatlarının alternativi yoxdur: “Çünki Qarabağın işğaldan azad olunmamış hissəsi bir barıt çəlləyidir və Azərbaycan dövlətinin təhlükəsizliyinə təhdiddir. Oradakı durum Azərbaycanın suveren dövlət prinsipləri ilə həll edilmədikcə, bu təhdid daha da artacaqdır. Ermənistanda bəziləri deyirlər ki, növbəti müharibə olarsa, Ermənistanın bir dövlət kimi varlığına son veriləcəkdir. Ermənistan məğlubiyyətdən sonra gedəcəyi yer sülh masası idi. Onu etmədi, demək, bu sülh prosesinin bu qədər vaxta nəticə verməməsi Ermənistanın gözləntiləri ilə bağlıdır. Bu gözlənti Qarabağdakı separatçı qurumun leğitimləşdirilməsi və orada yaşayanlara hansısa bir status almaqdan ibarət olacağına gümandır... Azərbaycan bir anti-terror əməliyyatı ilə bütün bu erməni manipulyasiyalarına son verə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti