İTV-nin simasının paylaşdığı status izləyiciləri özündən çıxardı

23 Noyabr 2022 22:20 Problem 1 584
İTV-nin simasının paylaşdığı status izləyiciləri özündən çıxardı

“İctimai” TV Qətərdə keçirilən dünya çempionatının oyunlarının yayım hüququna sahibdir.

Ölkənin tanınmış futbol şərhçiləri məhz mundial üçün sözügedən telekanalda bir araya gəlib ki, noyabrın 20-dən bu yana qarşılaşmalar yüksək səviyyədə ekranlara daşınır.

Lakin əmməası var.

Əmma ondan ibarətdir ki, azərbaycanlı futbolsevərlər DÇ-2022-nin matçlarına yalnız İTV-də baxmağa məcburdur.

Belə ki, oyunların başlama saatında mundialı yayımlayan Rusiya və Türkiyə telekanallarının siqnalı bu telekanal tərəfindən kəsilir. Bu, kabel və peyk televiziyalarında belədir.

Qısası, Azərbaycanda oturub DÇ-nin görüşlərini televiziya vasitəsi ilə izləmək istəyirsəndə, kanalı hər bir halda “İctimai”yə çevirməlisən. Başqa şansın yoxdur.

Sözügedən telekanalın rəsmi səsi və əsas simalarından olan Azər Aydəmir şəxsi “feysbuk” səhifəsində mövzu ilə bağlı paylaşım edib:

“İctimai” TV -nin ölkə ərazisində DÇ-nin eksklüziv yayımçısı olması və bunun nəticəsində (ölkə ərazisində yayım lisenziyasının müəyyən müddəlarını nəzərə alaraq) digər futbol kanallarının yayımının dayandırılması bir çox futbolsevərləri hiddətləndirib.

Maraqlıdır niyə? Şərhçilər xoşunuza gəlmir? Doğma dil sizi qıcıqlandırır? “Azərbaycan kanalına vallah baxmıram” demişdiniz, indi yalançı çıxmaq istəmirsiniz?

Özünüzü 30 ildir "krosna" vasitəsi ilə İstanbulda hiss edirdiniz, birdən oyandınız "bıy, Azərbaycanda yaşayıram” dediniz?

"Matç” TV hesabı daha dəqiq göstərir, yerli kanal hesaba müdaxilə edir? Günə çıxmış vampir effektini niyə bu qədər açıq nümayiş etdiririk axı?

Lisenziya, yayım hüququ, inhisarçılıq, reklam bazarı yavaş-yavaş düzəlmək istəyərkən niyə "əşşi" funskiyasını işə salırıq?

Bütün maçlar İTV- də, dostlar. Qalib aparsın!”

Demokratiya rejimində, insanların sərbəst seçim etmək hüququ olduğu ölkədə Azər bəyin bu cür paylaşım etməsi izləyiciləri hiddətləndirib.

Böyük əksəriyyət məsələyə bu cür yanaşmanı tənqid edərək, seçim imkanını insanların əlindən alan İTV-ni qınayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!