Elmar Vəliyev o stadionu bir aya təmir etdirərdi

11 Avqust 2022 23:20 Problem 833
Elmar Vəliyev o stadionu bir aya təmir etdirərdi

Gəncə Azərbaycanın ən böyük futbol məktəbidir. Və vaxtilə bu şəhərin komandası SSRİ birinciliyində, daha dəqiq desək, yüksək liqada iştirak edib, «Neftçi»nin əsas bazası olub. Adlarını saymaq istəmirəm.

O zamanlar «Neftçi»nin ən məşhur futbolçuları Gəncə məktəbinin yetirmələri idi.

İndi uzun müddət ya zəlzələdən, ya vəlvələdən «Kəpəz» komandası Azərbaycan çempionatından kənarda qalmışdı. Necə ki, «Turan» Tovuz qalmışdı. Şükürlər olsun ki, bu il hər iki komandaya yaşıl işıq yandırıldı.

Və belə məlum oldu ki, Gəncədəki stadion oyun üçün hazır deyil. Bir il idi ki, «Kəpəz»in yüksək liqaya qayıtması söhbəti gedirdi. Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyəti bununla bağlı niyə bir tədbir görmürdü? Əgər gəncəlilərə müraciət etsəydilər, iməclik yolu ilə, lazım gəlsə öz ciblərinin puluna stadionu hazır vəziyyətə gətirərdilər. Gəncə kimi bir şəhərin əlində bir stadionu təmir etmək nə çətin bir işdir? Hətta Bankda hesab açsaydılar, təkcə gəncəlilər deyil, başqa rayonun futbolçuları da həmin hesaba pul köçürərdillər.

Ağdamın işğalından sonra Qarabağ komandası bilirsiz niyə dağılmadı? Ağdamlılar, qaçqın ağdamlılar, zirzəmilərdə, yataqxanada yaşayan ağdamlılar əl-ələ verib bu komandanı dağılmağa qoymadılar. Düz 9 il!

İndi 400, 500 minlik Gəncədə stadionu niyə bərbad vəziyyətə düşməlidi? Bəs Gəncə niyə ev oyunlarını Bakıda keçirməlidi? «Zirə» ilə «Dalğa Arena»da oynayır. Şərhçi də deyir ki, qonaqlar yəni Zirə...

Zirə Bakı komandasıdı. O hardan qonaq olub. Qonaq «Kəpəz» idi. İndi eşidirəm ki, yanvar ayına qədər «Kəpəz» öz doğma azarkeşləri önündə çıxış edə bilməyəcək. Heç olmasa, buraxın tamaşaçısız oynasın.

Yeri gəlmişkən, Elmar Vəliyevin yeri görünür. O, Yevlaxda işləyəndə sıfırdan «Karvan» kimi komanda düzəltdi. Və komandada bir çox uğurlara imza atdı. Hələ mən onun Yevlaxda apardığı abadlıq işlərindən danışmıram. Yevlaxı Azərbaycanın ən böyük şəhərlərindən birinə çevirdi.

Çox təəssüf ki, Elmar Vəliyev Yevlaxdan gedəndən sonra «Karvan» dağıldı.

Gəncədə də ən böyük abadlıq işlərini Elman Vəliyev həyata keçirtdi. Şəhər təmiz simasını dəyişdi.

Elmar Vəliyev Gəncədə olsaydı, nəyin hesabına olur-olsun, o stadionu bir ayın içində hazır vəziyyətə gətirərdi.

Gəncənin imkanlı adamları, Allah imkanlarınzı daha çox eləsin. Bir yığışın Xan bağındakı çayxanaya, bir məşvərət eləyin. Türklər demiş, pamuk əllər cibə getsin...

Aqil Abbas

Digər Xəbərlər
Xəbər Lenti