“Bədayaq” azərbaycanlı futbolçuları almayın - Avropa dad edir

26 Yanvar 2022 20:00 Problem 4 150
“Bədayaq” azərbaycanlı futbolçuları almayın - Avropa dad edir

Xaricdə çıxış edən azərbaycanlı futbolçuların sayı azdır, olduqca az.

Bütün dünyanın həvəskar komandalarında oynayan azərbaycanlıları da nəzərə alsaq, 10 futbolçu ola-olmaya. Azərbaycanlı futbolçular niyə xaricdə oynamırlar?

Bu suala müxtəlif cavablar verilə bilər: zəifdirlər, iradəsizdirlər, pul hərisidirlər, qeyri-peşəkardırlar, xaraktersizdirlər və...

Və bir cavab da budur: ayaqları bəddir. Azərbaycanlı futbolçu hansı komandada oynayırsa-oynasın, o komandanın işləri düz gətirmir.

Çempionatın əvvəlində yaxşı heyət formalaşdırıb “çempionluq uğurunda mübarizə aparacağıq” deyən klub, sonda aşkar autsayder olur. Hansı liqada çıxış etməsindən asılı olmayaraq. Hətta milliləşdirdiyimiz futbolçular da sonradan “bədayaq” olurlar.

Məsələn? Buyurun: Renat Dadaşovun oynadığı “Tondela” Portuqaliya çempionatında 14 xal toplayıb və 14-cü pillədə qərarlaşıb.

Portuqaliya çempionatında 18 komanda çıxış edir. Dimitri Nazarovun “Ertsgebirge”si 18 komandalı ikinci bundesliqada 17-ci pillədədir.

Türkiyənin 1-ci liqasında çıxış edən “Bursaspor” 17-ci pillədədir. 1-ci liqada 19 komanda var. Başqa bir azərbaycanlı futbolçu – Vüsal İsgəndərlinin “Keçiörəngücü”sü isə “Bursaspor”un yanında toya getməlidir – 11-ci yer.

AFFA-nın milliləşdirdiyi Ozan Can Kökçü vardı ey, bax, onun komandası Niderlandın birinci liqasında 12-ci yerdədir.

Niderlandın 1-ci liqasında 20 komandanın çıxış etdiyini nəzərə alsaq, “buna da şükür” deməliyik.

Mahir Emreli Polşada hansı komandaya getmişdi? Çempion komandaya - “Legiya”ya.

İndi o “Legiya” hansı gündədir? İt günündə. “Bədayaq” necə olur ki, atam balası?

Avropa klubları bir ölkədən futbolçu alanda yüz ölçüb, bir biçirlər. Onlarda da inanclar var. Onlar da futbolçunun “bədayaq” olmasına inanırlar.

İndi Avropa “bədayaq” azərbaycanlı futbolçulardan dad deyir. “Bədayaq” statusundan qurtulmaq üçün iş görmək lazımdır.

AFFA rəsmiləri, klub rəhbərləri, menecerlər pirlərə getməli, nəzir-niyaz verməli, qurban kəsməli, lazım gələrsə bir ton da üzərlik yandırmalıdırlar ki, bu qaxınclıqdan futbolumuzu xilas etsinlər.

Axı futboldan pulu onlar qazanırlar. Zəhmət çəkin, qazanc yerinizi bədlikdən qurtarın, Biləcəridən o tərəfdəki klubların da canı azərbaycanlı futbolçuların bəd ayağından xilas olsun.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!