Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinin ("Neftçibaza") direktoru Oqtay Abdullayev son günlər qorxu və təlaş içindədir.
Oqtay Abdullayevin qorxulu günləri gənclər və idman naziri Azad Rəhimovun vəfat etməsindən sonra başlayıb.
Rəhimov Abdullayevin himayəçisi sayılırdı. Mərhum nazir ona böyük etimad göstərirdi. "Neftçibaza"-nın ərazisinin satılmasından, orada yaradılan biznes infrastrukturundan gələn gəlirləri məhz Oqtay Abdullayev yerbəyer edib.
Hətta mərhum nazir Abdullayevdən rəqiblərinə qarşı da zaman-zaman istifadə edib. Məsələn, daim AFFA rəhbərliyini tərifləyən Abdullayev qəflətən qurum rəsmilərinin kəskin tənqid də edirdi. Məlumata görə, o, bu tənqidi, məhz mərhum nazirin sifarişi əsasında edirmiş.
Ona görə də, AFFA rəhbərləri Abdullayevə heç vaxt etimad göstərməyiblər, sadəcə nazirin adamı olduğu üçün onunla mülayim davranmağa məcbur olublar.
Sportinfo.az-a daxil olan məlumata görə, Oqtay Abdullayevi narahat edən məqam "Neftçibaza"da törətdiyi qanunsuzluqlardır.
O, yaxın dostları ilə söhbətdə bildirib ki, gələcəyi üçün çox narahatdır. Abdullayev dostlarına belə deyib: “Yeni nazir “Neftçibaza"-da yüngül yoxlama tələb etsə, mən əlli-ayaqlı getməli olacağam”.
Oqtay müəllim ərizəsini yazıb işdən könüllü çıxmağa hazır olduğunu da bildirib. O, gələcəkdə həbs olunmaqdan qurtulmaq üçün ərizə yazıb işdən çıxmağı ən məqbul variant hesab edir.
Amma təyin ediləcək yeni nazirin onu bu cür asanlıqla buraxacağına da inanmır. Ona görə də, özünə arxa-dayaq axtarır.
AFFA rəhbərliyi onu birmənalı olaraq qəbul etmir. Çünki zaman-zaman sifariş əsasında onları “vurub”. Nazirlikdə də kimsə Abdullayevi himayə etməyi boynuna götürməyib. Ona görə ki, öz taleləri də müəmmalıdır.
Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzi bu illər ərzində idmana yox, bir-neçə şəxsin biznesinin çiçəklənməsinə xidmət edib.
Amma deyəsən, vaxt çatıb - dövlətin idmanın inkişafı üçün milyonlar ayırdığı mərkəzi “özəlləşdirən” şəxslərin cavab verməsi vaxtı.

