Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinə az müddət qalır.
İyunun 20-nə təyin olunan seçkilərə doğru keçən hər gün düşmən ölkədə gərginliyi artırır.
Qalib tərəfin kim olacağı barədə ən müxtəlif proqnozlar səslənməkdədir. Çoxları baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı şanslı saysa da, bunun əksini düşünənlər də az deyil.
İşğalçı ölkə uğrunda Rusiya və Amerikanın ciddi mübarizə aparacağı bildirilir və Qərbin Paşinyanı iqtidarda saxlamağa gücünün çatıb-çatmayacağı ciddi müzakirə olunur.
Xüsusilə Amerika prezidenti Co Baydenin təhlükəsizlik məsələləri üzrə müşaviri Sallivanın bu günlərdə Paşiyanla telefon danışıq zamanı “Ermənistanın demokratik inkişaf yolunda ABŞ-ın ona hər cür dəstək verməyə hazır olduğunu” bəyan etməsi müzakirələri daha da qızışdırıb.
Söhbət hansı dəstəkdən gedir? Amerika dolları Ermənistandakı seçkilərdə nə dərəcədə önəmli rol oynayacaq?

Əhəd Məmmədli: “ABŞ onu dəyişiklik etməkdən çəkinməməyə çağırır”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Ermənistanın seçkilərdən sonra ciddi dəyişikliyə gedəcəyini düşünür: “Seçkilərdə Paşinyanı daha şanslı hesab edirəm. Adam məğlub olmuş bir ölkədə hakimiyyətdə qala bildi. Bu dəqiqə o Ermənistanda ən doğru siyasət yürüdən siyasətçidir. Apardığı siyasətlə o mesajı verir ki, Ermənistanın nicatı Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltməkdən gedir. Eyni zamanda, Paşinyan maksimum dərəcədə Rusiyadan uzaqlaşmaq istəyir. Baydenin müşavirinin ona yönəlik verdiyi son açıqlamalar onu göstərdi ki, Amerika Paşinyanı dəyişiklik etməkdən çəkinməməyə çağırır və onun yanında olduğunu bəyan edir. Bununla Ermənistanı bir növ Rusiyadan uzaqlaşdırmağa çalışır. Paşinyan hər zaman qərbyönlü siyasətçi olub. Bunu fəaliyyəti ilə göstərib.
Düşünürəm ki, Paşinyan yenidən hakimiyyətə gələndən sonra maksimum dərəcədə müstəqil siyasət yürütməyə çalışacaq. İndi müharibə vaxtı və ondan sonra bəzi məqamlarda Rusiyaya yalvarması başqa mövzunun söhbətidir. Bu, bir növ daha çox erməni xislətindən irəli gəlir. Əvvəl yalvarır, başqasından bir az dəstək gələn kimi əvvəlki sahibini dərhal satır. Gələn dəstəkdən asılı olaraq, Ermənistan köhnə sahibini təzəsinə dəyişəcək".

Əziz Əlibəyli: “Paşinyanın hakimiyyətdən getməsinə Amerika və Fransa imkan verməyəcək”
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli qarşıdakı bir ayda çox şeylərin dəyişə biləcəyini bildirdi: “Seçkilərə bir ay qalır və bu müddət ərzində bir çox şeylərin dəyişmə ehtimalları var. Amma görünən odur ki, indiki mərhələdə seçkilər baş tutarsa, Paşinyanın qazanma ehtimalı daha çoxdur. Lakin onun rəqibi olan müxalif qüvvələrin arxasında dayanan qüvvələr ona ciddi zərbə endirə bilər. Təbii ki, Paşinyanın arxasında Qərb və oradakı erməni lobbisi dayanır. Xüsusilə Birləşmiş Ştatların dollarları dayanır. Paşinyana Qərbdən gələn dəstək göstərir ki, onun hakimiyyətdən getməsinə Amerika və Fransa imkan verməyəcək. Bunu hansı formada olursa-olsun, edəcəklər. Bu baxımdan əslində hakimiyyət uğrunda toqquşmaların şahidi ola bilərik. Yüz faiz Paşinyan qalib gələcək kimi tezislər irəli sürmək istənilən halda yanlışdır. Ona görə ki, erməni cəmiyyəti dəyişkəndir. Eyni zamanda, hərbiləşmiş və siyasiləşmiş cəmiyyətdir. Hər an bu cəmiyyət daxilində toqquşmaların baş verməsi mümkündür.
Azərbaycanla münasibətlər də hakimiyyətin formalaşmasında mühüm rol oynayacaq. Məsələn, bu gün elə bir addım atıla, hadisə baş verə bilər ki, Paşinyanın seçkilərdə uduzmasının zəminini yaradar. Düşünürəm ki, parlament seçkiləri ciddi toqquşmalarla müşahidə olunacaq. Amerika və Rusiyanın dəstəklədiyi qüvvələr arasında qarşıdurmanın olacağı ehtimalları daha çoxdur. Digər tərəfdən asayiş keşikçilərinin Paşinyanın yanında yer alması, hərbi qüvvələrin onun qarşısında dayanmasını da unutmaq olmaz. Silah faktorunun burada olması siyasi məsələnin hərbi yolla həllinə də gətirib çıxara bilər. Bir sözlə, iyunun 20-də ya Amerikanın Ermənistan və regionla bağlı niyyətinin həyata keçməsi şansı yaranacaq, ya da Rusiyanın siyasətinin davamı baş verəcək. Amerika və Rusiyanın regiona yönəlik baxışları bu seçkilərdən keçir. 20 iyunda keçiriləcək seçkilər bəlkə də Ermənistanı vətəndaş müharibəsinə aparır".

Akif Nağı: “Azərbaycan hakimiyyəti Ağ Evdən izahat tələb etməlidir”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı fərqli düşüncəyə sahibdir: “ABŞ Paşinyanı hakimiyyətə gətirdi, lakin sonradan zəruri olan dəstəyi vermədi, ya da vermək istəmədi. Ola bilər ki, Tramp administrasiyası Ermənistanda o qədər də maraqlı olmadılar. Demokratlar isə Pelosi başqa olmaqla açıq ermənipərəst mövqedədirlər. Burada hətta ABŞ maraqlarından söhbət getmir. Pelosigilin dəstəsi ”erməni xəstəliyi"nə yoxulub, burada maddi başlılıq məsələsi də var. Amma digər, bəlkə də bizə məlum olmayan məqamlar da mövcuddur. Baydenin “erməni genosidi” açıqlaması, onun müşaviri Sallivanın Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı heç bir fakta söykənməyən yanaşması bu siyasətin göstəricisidir. Sallivanın Azərbaycan prezidenti ilə telefon danışında rəsmi Bakını guya “təxribat” törətməkdə qınaması, yüngül desək, qərəzli mövqe kimi dəyərləndirilə bilər. Azərbaycan hərbçilərinin qanuni sərhədlərimizi bərpa etməsinə, hətta Ermənistanın özü tərəfindən vaxtilə tanınan sərhədlərimizə çıxmasına nə üçün belə qiymət verilməlidir? Adətən, bu cür hallarda faktlar dəqiqləşdirilir, sonra münasibət bildirirlir. Sallivan desin görək hansı faktların əsasında bu fikri səsləndirib? Deməli, onlar üçün fakt əsas deyil, ermənilərin istəyi vacibdir. Bu məqamları nəzərə almalıyıq. Azərbaycan hakimiyyəti amerikalı rəsminin bu qərəzli yanaşmasına görə Ağ Evdən izahat tələb etməlidir.
Bu hadisə göstərir ki, ABŞ-ın məsələyə müdaxiləsi bizə yaxşı heç nə vəd etmir. Rəsmi Vaşinqton Paşinyanı hakimiyyətdə saxlamaqda israrlı görünür. Böyük ehtimalla, Trampın xəsislik edib vermədiyi dollar axını da işə düşəcək. Digər tərəfdən, Paşinyanın qalmasında, ən azından keçid dövrü üçün saxlanılmasında Rusiya da maraqlı görünür. Müşahidələrimizə görə, ABŞ Paşinyandan o qədər də razı deyil. Yerinə daha əlverişli namizəd axtarışındadır. Rusiya da onu başqası ilə əvəz etmək haqda düşünür. Ona görə də hələlik keçid dövrü üçün hər iki güc mərkəzi Paşinyanın qalmasına çalışacaq. Azərbaycan bu prosesdə müşahidəçi mövqeyində qalmamalı, Türkiyə ilə münasibətləri daha da dərinşəşdirməli, istənilən situasiyadan müsbət nəticə ilə çıxmağı bacarmalıdır. Bunun üçün Türkiyənin regionla bağlı proseslərdə əsas oyunçulardan birinə çevrilməsinə nail olmalı, Türkiyənin kənarda saxlanılmasına imkan verməməliyik. Ən vacib isə odur ki, bütün prosesdə Xankəndi əsas hədəf olaraq saxlanılmalıdır".
Cavanşir ABBASLI

